Süni intellektin tibbi məsləhəti nə qədər etibarlıdır?

SAĞLAMLIQ
23:59 / 31.01.2026
43

"Zəka dueli”nin bu dəfəki qarşılaşması tibb sahəsindədir. Çünki bu gün süni intellektə tibbi diaqnozlar qoyduran, ondan tibbi məsləhətlər alanlar, hətta onun sözüylə müalicə alıb, dərman istifadə edənlər var. 

Bəs bu, nə qədər etibarlıdır? 

Bu dəfəki rubrikamızda "Gemini" tətbiqi vasitəsilə süni intellektə ürək ağrıları ilə bağlı bəzi simptomlar yazdıq, o isə bizə bu simptomların əsasında ilkin kardioloji proqnoz verdi. 

Süni intellektə bildirdiyimiz simptomlar: ürək təzyiqinin zəif olması, halsızlıq, kürəkdə sancılar, sol qolda uyuşma və revmatizmin olması idi.

Süni intellektin bu əlamətlərə diaqnozu isə ürək qapaqlarının revmatik zədələnməsi və ya buna bağlı qan dövranının zəifliyi oldu.

Hətta süni intellekt bizə məsləhət verdi ki, vaxt itirmədən Exo-KQ (ürəyin ultrasəsi) etdirmək lazımdır.  Bu, diaqnozu dəqiqləşdirən ən qısa yoldur.

“Gemini”nin həkimsiz diaqnozuna peşəkar münasibətini də öyrəndik. 

Kardioloq Aynur Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, o, süni intellektin diaqnozları və məlumatlar ilə razı deyil. 

"Simptom eyni, səbəb fərqli ola bilər. Aşağı təzyiq, sol qolda uyuşma, kürək ağrısı həm sadə ola bilər, həm də həyati risk daşıya bilər. Bunu ayırd edən kliniki düşüncədir. Həmçinin süni intellekt xəstəni görmür. Rəngi, tərli olub-olmaması, nəfəsi, nəbzi, qorxu hissi bunlar yazı ilə ötürülmür. O, risk faktorlarını birlikdə dəyərləndirmir. Yaş, şəkər, təzyiq, siqaret, ailə anamnezi kombinasiya həkimin işidir".

Kardioloq vurğulayıb ki, insanlar həkimə görünmədən süni intellektlə məsləhətləşməsinlər:

"EKQ, troponin, exo, təzyiq monitorinqi bunları AI yox, həkim istəyər və şərh edər. Buna görə də məlumat üçün Aİ, qərar üçün həkim lazımdır". 

Göründüyü kimi, süni intellektdən maraqlı məlumatlar, faktlar öyrənmək olar, ancaq onun məsləhətiylə müalicə almaq, hətta dərman qəbul etmək risklidir. 

"Zəka dueli"nin bu dəfəki rubrikasında göründü ki, süni intellekt bir həkim kimi diaqnoz qoya bilməz, qoysa belə, bu, dəqiq sayılmır. Bir diaqnoz üçün həkim və onun tövsiyəsi ilə müəyyən müayinələrdən keçmək tələb olunur”.

0