Meymunçiçəyi virusu qapıdadır?

SAĞLAMLIQ
14:11 / 03.02.2026
95

Son günlər Rusiyada meymunçiçəyi virusuna yoluxma hallarının artması region ölkələrində narahatlıq doğurur. 

Xəstəliyin artıq bir neçə ölkədə qeydə alınması bu infeksiyanın coğrafi yayılma riskini daha da aktuallaşdırır. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya həmsərhəddir və iki ölkə arasında intensiv gediş-gəliş mövcuddur. Bu səbəbdən də virusun ölkəmizə keçmə ehtimalı istisna edilmir. 

Belə olan halda meymunçiçəyi virusu ölkəmizdə də yayıla bilərmi? 

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, meymunçiçəyi virusu istənilən an yayıla bilər: 

391058

"Bu virus heyvanmənşəli xəstəlikdir. İlk dəfə 1958-ci ildə məhz heyvanlarda qeydə alınıb. Lakin daha sonra insanlara keçməyə başlayıb. İnsanların xəstəliyə yoluxmuş heyvanlara təması artıqca bu tip viruslar da sürətlə yayılır".

Həmsöhbətimizin dediyinə görə, meymunçiçəyi virusunun ölkəmizdə qeydə alınması tam təbii hal olar:

"Azərbaycanın Rusiya ilə həmsərhəd olduğu və bu ölkə ilə böyük miqrasiya prosesinin həyata keçirildiyini nəzərə almalıyıq. Ona görə də epidemioloji vəziyyətin nəzarət altına alınmalı olduğunu düşünürəm. Lakin meymunçiçəyi virusunun geniş arealda yayılması da qeyri-mümkündür".

Professor sözlərini belə yekunlaşdırıb:

"Bu və digər viruslara yoluxmamaq üçün qorunma tədbirlərinə diqqət etmək labüddür. Meymunçiçəyi virusunun ilkin simptomları qızdırma, baş ağrısı və ümumi halsızlıqdır. Bu əsasən limfa düyünlərinin böyüməsi ilə başlayır, daha sonra isə bədənin müxtəlif nahiyələrində səpgilər əmələ gəlir".

Günel

0