Fevralın 4-ü dünyada Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd olunur. Bu tarix münasibətilə cəmiyyətdə erkən diaqnostikanın əhəmiyyəti, sağlam həyat tərzinin təşviqi və psixoloji maarifləndirmənin gücləndirilməsi məqsədilə müxtəlif məlumatlandırıcı təşəbbüslər həyata keçirilir.
Mövzu ilə bağlı psixoloq Lalə Natiqqızı HİT.az-a bildirib ki, insanların sağlamlıqla bağlı riskləri bildikləri halda onları çox vaxt düşünməməyə çalışması psixoloji müdafiə mexanizmi ilə bağlıdır. Onun sözlərinə görə, “mənə olmaz” və “sonra baxaram” kimi düşüncələr müvəqqəti rahatlıq yaratsa da, uzunmüddətli baxımdan təhlükəli nəticələrə səbəb ola bilər.
Psixoloq qeyd edib ki, xərçəng mövzusu cəmiyyətdə qorxu yaradan əsas sağlamlıq problemlərindən biridir və bu qorxu bir çox hallarda insanların müayinələrdən yayınmasına gətirib çıxarır. Halbuki reallıqla vaxtında üzləşmək və düzgün qərarlar vermək psixoloji sağlamlığın əsas göstəricilərindəndir.
Lalə Natiqqızının sözlərinə görə, erkən diaqnoz yalnız müalicə imkanlarını artırmır, eyni zamanda insanın psixoloji vəziyyətinə də müsbət təsir göstərir. Vaxtında aparılan müayinələr qeyri-müəyyənliyi azaldır, stress səviyyəsini aşağı salır və daxili rahatlıq yaradır.
O, həmçinin vurğulayıb ki, öz sağlamlığına diqqət göstərmək zəiflik deyil, məsuliyyət və şüurlu davranış nümunəsidir. Psixoloji baxımdan özünə qayğı göstərən insanlar stressə qarşı daha dayanıqlı olur və həyat keyfiyyətini qoruyurlar.
Psixoloq Lalə Natiqqızı vətəndaşları mütəmadi tibbi müayinələrdən keçməyə, sağlam həyat tərzinə riayət etməyə və sağlamlıqlarına laqeyd yanaşmamağa çağırıb.
“İnsan çox vaxt başqalarına qayğı göstərməyi bacarır, amma özünü unudur. Halbuki həyat bizə verilmiş ən böyük dəyərdir və onu qorumaq hər birimizin şəxsi məsuliyyətidir,” – deyə psixoloq bildirib.
Qeyd edək ki, Ümumdünya Xərçənglə Mübarizə Gününün əsas məqsədi əhalinin bu xəstəlik barədə məlumatlılığını artırmaq, erkən diaqnostikanın vacibliyini təşviq etmək və sağlam gələcək üçün cəmiyyətdə məsuliyyətli davranışı formalaşdırmaqdır.


