Son zamanlar dünyada bir çox xəstəliklər, viruslar yayılmaqdadır.
Koronavirus pandemiyasından sonra dünyada müxtəlif adlarda yeni virusların yayıldığının şahidi oluruq. Son günlərdə daha çox meymunçiçəyi və nipahın adına rast gəlirdik. İndi isə daha bir virusun yayıldığı ortaya çıxıb. Belə ki, dünyada çikunqunya virusunun yayıldığı açıqlanıb.
Maraqlıdır, çikunqunya virusu nədir və ondan necə qorunmaq lazımdır?
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, çikunqunya virusu milçək və ağcaqanadın dişləməsi ilə insana keçir:

"Bu virusa yoluxan şəxslər əsasən oynaq iltihabından əziyyət çəkirlər. Yəni bu xəstəliyin əsas əlaməti oynaq ağrılarıdır. Eyni zamanda, burun tutulması, boğazda yanma, halsızlıq, gözlərin yaşarması və kəskin temperatur artımı da simptomlar sırasındadır".
Professor qeyd edib ki, sözügedən xəstəliyin inkubasiya dövrü adətən 5-7 gün davam edir:
"Əslində, çikunqunya virusu yeni deyil. Ona yoluxma ilk dəfə ötən əsrin 50-cı illərində qeydə alınıb. Əsasən meymun, gəmirici və ağcaqanadlarda müşahidə olunub. Belə viruslardan qorunmaq üçün gigiyenik qaydalara əməl etmək lazımdır, əllər mütamadi olaraq dezinfeksiya olunmalıdır. Bu xəstəliyin qarşısı vaxtında alınmalı və lokallaşdırılmalıdır".
Günel


