Antikor ehtiva edən bu burun spreyi əvvəlcə siçanlar və meymunlar üzərində test olunub, daha sonra məhdud insan sınaqlarına keçilib. İlk nəticələr göstərir ki, sprey qripdən qorunmada effektiv ola bilər. Ən diqqət çəkən məqam isə yalnız insan qriplərinə deyil, heyvanlardan insanlara keçən influenza viruslarına qarşı da təsirli olmasıdır.
HİT.az xəbər verir ki, hazırda qripin yayılmasının qarşısını almağın əsas vasitəsi illik qrip peyvəndləridir. Bu peyvəndlər immun sistemi son dövrdə dövriyyədə olan qrip növlərinə qarşı antikor istehsal etməyə təşviq edir. Lakin influenza virusları davamlı dəyişdiyi üçün peyvəndlərin qoruyuculuğu adətən məhdud qalır.
Bu problemi aradan qaldırmaq istəyən dərman nəhəngi "Johnson & Johnson" xüsusi CR9114 antikorunu inkişaf etdirib. Bu antikor influenza virusunun dəyişməyən hissəsini hədəf alır. Virusun digər hissələri nə qədər mutasiyaya uğrasa da, CR9114 sabit strukturuna bağlanaraq bütün qrip növlərini neytrallaşdıra bilir.
Başlanğıcda CR9114 heyvanlara damar yolu ilə verilib. Lakin bu üsul gözlənilən səviyyədə qoruma təmin etməyib. Səbəb antikorun yalnız kiçik bir hissəsinin buruna çatması olub. Qrip virusları isə orqanizmə ən çox burun vasitəsilə daxil olur. 2022-ci ildə CR9114-ün lisenziyasını alan "Leyden Labs" bu mərhələdə işə qarışıb və antikoru birbaşa buruna püskürtmək üçün uyğun forma gətirib.
Yeni formulasiya ilə aparılan sınaqlarda siçanlar və makak meymunları müxtəlif influenza A və B növlərinə məruz qalıb. Nəticələr aydın olub: burun spreyi tətbiq olunan heyvanlar xəstələnməyib. Test edilən viruslar arasında 1933-cü ildə ciddi qrip mövsümündə bir alimdən götürülmüş tarixi influenza nümunəsi də var idi.
İnsanlardakı ilkin sınaqlar isə 18-55 yaş arası 143 könüllü ilə aparılıb. Gündə iki dəfə tətbiq olunan sprey iştirakçıların burun içində antikor səviyyəsini sabit saxlayıb və ciddi yan təsir göstərməyib. Sonrakı burun seliyi nümunələri araşdırıldıqda, spreyin müxtəlif qrip növlərini təsirsiz hala gətirdiyi müəyyən edilib. Buna 2013-cü ildə Çində insanlara yoluxan quş qripi növü də daxildir.
Növbəti mərhələdə spreyi istifadə edən şəxslərin kontrollu şəkildə müxtəlif qrip viruslarına məruz qalması planlaşdırılır. Bu testlər spreyin həqiqətən xəstəliyin qarşısını alıb-almadığını dəqiq göstərəcək.
Linda Uakim burun spreyi ilə yüz faiz qorumanın təmin olunmaya biləcəyinə diqqət çəkir. O bildirir: “Virus ağız kimi burun xaricindəki yollarla da orqanizmə daxil ola bilər. Amma burun girişini bloklamaq, infeksiyanın ən vacib qapılarından birini bağlamaq deməkdir".
Uakim Avstraliyanın Melburn Universitetində çalışır.
Burun spreyinin tək doza olan qrip peyvəndinə nisbətən daha çətin tətbiq oluna biləcəyi qeyd olunur. Sprey gündə iki dəfə tətbiq edilməlidir. Buna baxmayaraq Uakim bu üsulun, xüsusən immuniteti zəif olan şəxslər, ön cərgədə işləyən səhiyyə işçiləri və ya pandemiya kimi fövqəladə vəziyyətlərdə, peyvəndlər hazırlanıb genişləndirilənə qədər qısa müddətli və sürətli qoruma təmin edə biləcəyini vurğulayır.
Samir


