Diş əti xəstəlikləri, ikinci tip şəkərli diabet, xroniki qaraciyər xəstəlikləri, həmçinin eşitmə və görmə itkisi demensiyanın inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. Bu nəticəyə Sun Yatsen Universitetinin alimləri gəlib.
HİT.az xəbər verir ki, tədqiqat "Nature Human Behaviour" (NHB) jurnalında dərc olunub.
Alimlər 200-dən çox əvvəlcədən yayımlanmış elmi işin məlumatlarını təhlil ediblər. Tədqiqatçılar demensiya ilə birbaşa beyni təsir etməyən 26 periferik xəstəlik arasında əlaqəni araşdırıblar. Nəticədə onlardan 16-sı statistik olaraq demensiya riskini artıran amil kimi müəyyən edilib.
Tədqiqatçılara görə, bu xəstəliklər qlobal demensiya yükünün təxminən 33%-inə, yəni dünyada təxminən 19 milyon hadisəyə təsir göstərə bilər.
Analiz göstərib ki, kognitiv zəifləmə riskinə ən böyük təsir edənlər diş əti xəstəlikləri, xroniki qaraciyər xəstəlikləri, ikinci tip şəkərli diabet, həmçinin eşitmə və görmə pozğunluqlarıdır. Həmçinin demensiya ilə əhəmiyyətli əlaqə xroniki böyrək xəstəlikləri, osteoartrit, insult, ürəyin işemik xəstəliyi və revmatoid artrit, eləcə də bağırsağın iltihabi xəstəlikləri kimi iltihabi xəstəliklərdə müəyyən olunub.
Alimlər qeyd edirlər ki, əldə olunan məlumatlar bu xəstəliklərlə demensiya arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Lakin nəticələr göstərir ki, xroniki somatik xəstəliklərin erkən diaqnostikası və müalicəsi kognitiv zəifləmə riskini azalda bilər.
Samir


