“Bəzi uşaqların istəkləri bitmir. Onların istədiyini edəndə belə dərhal başqa istəkləri yaranır”.
Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən bəhs edib:
“Əslində, bunun bir çox səbəbi var. Əvvəla, bəzi uşaqların ərköyünlüyündən danışmaq lazımdır. Bəzi ailələr uşaqlara həddindən artıq tərbiyə verilir, bu da yalnış maarifləndirmələrə görədir. Uşaq tərbiyəsi ilə maarifləndirmə işi apararkən mütəxəssis çox az hallarda ümumi danışa bilər. Çünki uşaqlar fərddir, fərqlidir, şəxsiyyətə çevrildikləri sosiumun şərtləri, ailə daxili münasibətlər, böyüdükləri ölkə, şəhər, irsiyyət və s. onların formalaşmasına təsir göstərir. Çin, Finlandiya, İsrail, Fransa və İngiltərə təhsil sistemlərini öz təhsil sistemimizə inteqrasiya edə bilərik, amma onların tərbiyə metodları ilə öz uşaqlarımızı tərbiyə etmək doğru deyil. Yəni orada bu cür yanaşırlar deyə biz də elə etməli deyilik. Bununla yalnız yad nəsil yetişdirimiş olarıq”.
Ekspert qeyd edib ki, bu tərbiyə sistemi pis deyil, amma dərindən bilmədən həyata keçirdikdə ortaya xoş olmayan ərköyün bir uşaq modeli çıxır:
“Məsələn, dəfələrlə çıxışlar da, uşağa “olmaz” və ya “yox” deməyin doğru olmadığı deyilir. Lakin bu onların sərhədsiz böyüyəcəyi də demək deyil. “Uşaq istədiyi hər kəsin əşyasına toxuna bilər” və ya “uşaq öz əşyasını paylaşmaya bilər” düşüncəsi sadəcə 3-5 yaş arası uşaqlara şamil edilir. Öz “mən”lərini dərk etdiyi üçün sonrakı yaşlarda da paylaşmaya bilərlər. Amma hər ortada olan əşyanı paylaşmama kimi halı valideyn müşahidə edirsə, bu artıq xarakterin əlaməti kimi qəbul edilməli və qısqanclıq kimi qələmə verilir. Deməli, uşaqda özünütəsdiqetmə çabası və özqiymətləndirmənin aşağı səviyyəsi kimi halların olma ehtimalı var”.
Psixoloqun sözlərinə görə, deyilən hər tərbiyə kəlməsinin özünün yaş dövrləri var:
“3-5 yaşa aid norma saydığımız 6-8 yaş uşaqlara aid deyil. Ona görə ilk növbədə valideynlər maarifləndirmə işini təlqin edən mütəxəssiləri yaxşı araşdırmalı, hər pafoslu, “musiqili” çıxışa aldanmamalıdırlar. Uşaqların istəklərinin bitməməsinə digər səbəb isə bəzi emosional boşluqların varlığı ilə əlaqədardır. Necə ki, yetkin insan stressi azalsın deyə alış-veriş edir və ya iştahı artırsa, uşaqlarda da fərqli davranışlar ola bilər. Məsələn, bəzi uşaqlar valideyn diqqətindən, nəvazişindən kənar qalırlar. Ona görə də, uşaqlara nəyisə aldıqdan 1-2 gün sonra yenidən nəsə axtarırlar. Əgər səbəb budursa, uşaqla valideyn gözəl zaman keçirə, parka getmək yox, parkda birgə əylənməyi seçə bilərlər”.
Həmsöhbətimiz diqqətə çardırıb ki, hansısa mövzuda uşağa bu gün “hə” sabah isə “yox” deyilməməlidir:
“Əgər hər hansı istəyi varsa, ona bu gün “hə”, sabah “yox” və ya əksini deyirsinizsə, uşaqda qeyri-stabil emosiyalar formalaşır. Nəticədə, qeyri-müəyyən şəraitdə qaldığı üçün emosiyalarını idarə etməkdə çətinlik çəkir. Digər səbəb isə uşağa çox hədiyyə almaq və hər istədiyini etməkdir. Bu zaman uşaq alınan əşyanın necə əziyyətlə əldə edildiyinin fərqinə varmır. Bəzən də 3-9 yaş aralığındakı uşaqlarda impulsiv davranışlar özünü biruzə verir.
Yəni uşaq fəaliyyətin nəticəsini düşünmür, səbəbini izah edə bilmir, istəyi ağlına gələn kimi bildirir. Bu hallarda valideynlərin uşaqlarla birgə cədvəl hazırlaması yaxşı olar. Düzdür, ilk həftələr çətin ola bilər, amma nizamlılıq, məsuliyyət hissini artırır. Uşaqda hər istədiyinin olmayacağını anlamalıdır. Əslində, hər bir valideyn uşağın xarakterinə bələd olaraq, onla necə danışdıqda sakit qəbul edəcəyini bilir. Sadəcə, bəzən səbrsizlik bu işin gedişatına mane olur. Ona görə də səbrlə uşağın da istəyini nəzərə alaraq, cədvəli qurun”.
Fatimə Bayramova əlavə edib ki, uşağın hər müsbət davranışını bir ulduzla qiymətləndirin:
“Çünki müsbət davranışların yadda qalması uğurdur, onda özünüqiymətləndirmə hissini yüksəldir. Onların istədikləri əşya çoxdur, amma birini seçməsini, digərlərini isə gələn aylarda alınacağınızı qeyd edin. Onları başa düşdüyünüzü, çox istədiyinizi bildirin. Ümumiyyətlə, uşaqla birgə işləmək onların emosional boşluqlarını doldurar.
Onu da söyləyim ki, valideyn dedikdə sadəcə ananı nəzərdə tutmuruq. Yəni həm ana, həm də ata uşağın tərbiyəsi ilə birgə məşğul olmalıdır. Ananın “yox” dediyinə ata “hə” deməməlidir. Bütün bunlara rəğmən, yenə də övladınızda aqressiya azalmırsa, məktəbdə, həyətdə yaşıdları ilə ünsiyyətində dəyişilən tərbiyə üsulu neqativ təsir göstərir, uşağın səbəbsiz ağlamaları artırsa onda uşaq psixoloquna müraciət edə bilərsiniz”.
Pərviz



