“Bəzi insanlar həddindən artıq kövrək olur və hətta ən xırda məsələdə belə ağlayırlar”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən bəhs edib:
“Əslində, belə hallar zəiflik demək deyil. Bu, yüklənmiş emosional sistemin bədəni xəbərdarlıq etməsi, siqnalıdır. Ona görə də bunun insanın xaraktercə zəif olduğu mənasına gəlmədiyini vurğulamaq lazımdır. Sadəcə olaraq aylarla və ya illərə toplanmış emosiyaların artıq özünü büruzə verməsidir. Yəni belə hal təkcə bu günə və ya dünənə aid olan məsələ deyil”.
Ekspertin sözlərinə görə, bəzən kövrəklik uşaqlıqdan gəlir:
“Çox vaxt böyüklər uşaqlıqda bizə ağlamağa icazə vermirlər. “Ağlama, güclü ol”, “sən kişisən” və ya “göz yaşını sil, heç kim görməsin” kimi sözlər deyirlər. Ona görə də gələcəkdə ağlamağı zəiflik hesab edirik və utanırıq. Bundan başqa, tənqid dolu mühitdə böyüyən və sevgi görməmiş şəxslər də kövrək olurlar.
Yəni uşaqlıqda yaşadığımız hekayələr bu gün bizi kövrək olmağa, ağlamağa və bir növ özümüzü həssas hiss etməyə gətirib çıxara bilir. Hər insanın böyüdüldüyü şərait, gördüyü yaşantıların ona çox böyük bir təsiri var. Bəzi şəxslər yüksək səsə və tənqidə çox həssas yanaşırlar. Bir çox insanda isə xroniki yorğunluq, xroniki stress, işin və həyatın ağırlığı, yaşadıqlarının yükü ona ağır gəldiyi üçün kövrək olur”.
Psixoloq bundan xilas yollarından da söz açıb:
“Əvvəlcə, bunu qəbul eləməliyik. Özümüzə “Mənim bədənim niyə belə reaksiya verir?” və “Nə üçün özümü bu cür hiss edirəm?” kimi suallar verməliyik. Daxilimizdəki o tənqidçini, bizi narahat hiss etdirən durumu tapmalı və onunla üzləşməliyik. Onu səsli şəkildə özümüzə deməliyik. Eyni zamanda, bunu yaza, güzgü qarşısına keçib danışa və ya bir mütəxəssisə müraciət edə bilərik. Ancaq mütəxəssisə müraciət etməmişdən öncə özümüzlə danışmalıyıq”.
Nabat Mirzəyevanın sözlərinə görə, bundan sonra isə “sərhədlərimizi” qorumağa başlamalıyıq:
“Yəni hər sözü özümüzə götürməməli və hər fikri özümüzə qəbul etməməliyik. Bir növ daxili dünyamızla xarici dünyada baş verənləri müqayisə etməməli və eyni tutmamalıyıq. Əgər bunlar nəticə verməsə, o zaman mütəxəssisə müraciət etməliyik. Unutmayaq ki, insan birinci mütləq dərəcədə özü ilə ünsiyyətə keçməlidir. Çünki biz özümüzü qəbul etdiyimiz və daxili dünyamızla barışdığımız zaman xarici dünyada da həyata baxış bucağımız dəyişməyə başlayır”.
Pərviz



