“Bəzən bir qrup insan eyni hadisəni eyni şəkildə xatırladığını deyir, ancaq sonradan məlum olur ki, həmin hadisə əslində heç vaxt baş verməyib”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu insanlar bir-birilərini tanımırlar:
“Yəin fərqli mühitlərdə yaşayırlar, amma yenə də xatirələri eyni detal üzərində üst-üstə düşür. Psixologiyada bu hal “Mandela effekti” adlanır və kollektiv yanlış xatirə fenomeni kimi izah olunur. Psixoloji baxımdan yaddaş sabit və dəyişməz bir arxiv sayılmır. İnsan beyni hadisələri olduğu kimi “yazıb saxlayan” mexanizmə malik deyil. Əksinə, yaddaş hər xatırlama prosesində yenidən qurulan, düşüncələr, inanclar, emosiyalar və sosial təsirlərlə formalaşan dinamik bir sistemdir”.
Ekspert qeyd edib ki, bu səbəbdən xatirələr zaman keçdikcə dəyişə, bəzi detallar itə, bəziləri isə sonradan əlavə oluna bilər:
“Məsələn, bir çox insan “Pikaçu” obrazının quyruğunun ucunda qara rəngli hissə olduğunu xatırlayır. Halbuki orijinal obrazda “Pikaçu”nun quyruğu tamamilə sarıdır və ucunda qara hissə yoxdur. Buna baxmayaraq, çox sayda insan bu detali “dəqiq xatirə” kimi müdafiə edir. Bunun səbəbi beynin oxşar rəng və formaları bir-biri ilə qarışdırması və daha məntiqli görünən versiyanı yaddaşda saxlamasıdır”.
Psixoloq vurğulayıb ki, “Mandela effekti” də məhz bu rekonstruktiv yaddaşın nəticəsi kimi ortaya çıxır:
“İnsan beyni tanış sxemlərə, məntiqi gözləntilərə və eşidilən məlumatlara əsaslanaraq yaddaşdakı boşluqları özü doldurur. Əgər eyni yanlış məlumat cəmiyyət daxilində tez-tez təkrar olunursa, beyin onu “tanış” və buna görə də “doğru” kimi qəbul etməyə başlayır. Nəticədə, insanlar baş verməmiş bir detalı real xatirə kimi müdafiə edə bilirlər. Bu fenomen bizə bir daha göstərir ki, insan yaddaşı mütləq həqiqətin aynası deyil. O, canlı, elastik və təsirə açıq bir psixoloji prosesdir. Buna görə də xatırladıqlarımızın hamısını dəyişməz həqiqət kimi qəbul etmək deyil, yaddaşın təbiətini anlamaq daha sağlam psixoloji yanaşmadır”.
Pərviz



