Omeqa-3 yağ turşuları aqressiyanı 28 faiz azaldır
Balıq yağında və qida əlavələrində olan omeqa-3 yağ turşularının qəbulu aqressiya səviyyəsinin azalmasına kömək edə bilər.
HİT.az xəbər verir ki, bu nəticəyə Pensilvaniya Universitetinin alimləri çatıb, onlar demək olar ki, 30 klinik tədqiqatın nəticələrini analiz ediblər. Tədqiqat “Aggression and Violent Behavior” (AVB) jurnalında nəşr olunub.
Omeqa-3 uzun müddətdir ki, psixi sağlamlığın dəstəklənməsi ilə əlaqələndirilir: əvvəllər onların çatışmazlığı şizofreniya və depressiv pozuntuların riskinin artması ilə bağlı idi. Aqressiya və antisosial davranış isə qismən beynin qidalanma və maddələr mübadiləsi pozuntularının nəticəsi kimi qiymətləndirilir.
Yeni tədqiqatın müəllifləri 1996–2024-cü illər arasında aparılmış 29 randomizə olunmuş nəzarətli sınağın meta-analizini aparıblar. Ümumilikdə 3918 nəfər iştirak edib – uşaqlardan, yeniyetmələrdən tutmuş orta və yaşlı insanlara qədər. Müşahidə müddətinin orta göstəricisi təxminən 16 həftə olub.
Nəticələr orta, amma statistik baxımdan əhəmiyyətli təsiri göstərib: omeqa-3 qəbulu aqressiv davranışın orta hesabla 28%-ə qədər azalması ilə müşayiət olunub, müqayisəli qruplarla müqayisədə. Təsir cinsdən, yaşdan, klinik diaqnozdan, dozadan və qəbul müddətindən asılı olmayaraq müşahidə olunub.
Vacib məqam odur ki, aqressiyanın azaldılması həm reaktiv formaya (provokasiyaya impulsiv cavab), həm də proaktiv – əvvəlcədən planlaşdırılmış aqressiv davranışa aid olub. Əvvəllər məlum deyildi ki, omeqa-3 hər iki tipə təsir edir.
"Mən hesab edirəm ki, omeqa-3 əlavələrini aqressiyanın azaldılmasında bir vasitə kimi nəzərdən keçirməyin vaxtı gəlib – klinika, ictimai mühit və ya hətta cinayətkarlıq sistemi olsun", deyə işin müəlliflərindən biri, neyrokriiminoloq Adrian Rein bildirib.
Tədqiqatçılar vurğulayırlar ki, söhbət “möcüzəvi vasitə”dən getmir. Təsir qısamüddətli olub, uzunmüddətli təsirin təsdiqi üçün daha geniş və uzun müddətli tədqiqatlar tələb olunur.
"Omeqa-3 cəmiyyətdə zorakılığı aradan qaldırmaq üçün sehrli həll yolu deyil. Amma kömək edə bilərmi? Bizim məlumatlar buna müsbət cavab verir", deyə Rein əlavə edib.
Alimlər hesab edirlər ki, təsir mexanizmi iltihabın azalması və beyin neyron proseslərinin dəstəklənməsi ilə bağlıdır. Omeqa-3-ün müntəzəm qəbulu həmçinin ürək-damar xəstəlikləri riskinin azalması ilə bağlı əlavə arqument kimi göstərilir.
Müəlliflərin sözlərinə görə, yalnız pəhrizə yağlı balığın daxil edilməsi – əlavələrsiz belə – potensial fayda verə bilər, xüsusilə yüksək aqressivlik göstərən uşaqlarda, əsas terapiya ilə birlikdə.
Samir


