Məntiqsiz qərarların BİLİNMƏYƏN SƏBƏBLƏRİ

SAĞLAMLIQ
15:00 / 11.02.2026
110

“İnsan özünü rasional varlıq hesab edir, amma qərarların böyük hissəsi məntiqdən yox, beynin enerjiyə qənaət mexanizmlərindən yaranır”. 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında bəzən beynimizin məntiqsiz qərarlar verməsinin səbəblərindən danışarkən deyib.

O bildirib ki, beyin hər şeyi analiz etməyə çalışsa, yorular və gec reaksiya verərdi:
“Ona görə də o qısayollardan, daha dəqiq desək koqnitiv yanılmalardan istifadə edir. Düzdür, bu qısayollar gündəlik həyatda kömək edir, lakin emosional mövzularda bizi aldadır. Güclü hiss yarananda qorxu, sevinc, qısqanclıq, həyəcan idarəetmə məntiqdən emosional mərkəzlərə keçir. O anda qərarı “mən” yox, təhlükədən qoruyan qədim beyin verir. Sonra sakitləşəndə prefrontal korteks aktivləşir və biz geriyə baxıb düşünürük: “Mən bunu niyə etdim?” Çünki o qərar düşünülərək yox, hiss olunaraq verilmişdi”.

Ekspert bizi məntiqsiz qərarlara aparan digər əsas səbəblərdən də danışıb:
“Ani rahatlıq ehtiyacı burada mühüm rol oynayır. Belə ki, beyin uzunmüddətli faydanı deyil, indiki rahatlığı seçir. Təsdiq axtarışı inanmaq istədiyimiz şeyə uyğun qərar veririk. Qorxudan qaçma itirmək ehtimalı qazancdan daha güclü hiss olunur. Keçmiş təcrübələrin izi köhnə emosiyalar indiki vəziyyəti təhrif edir. Həddən artıq yüklənmə yorğun beyin analiz etmir və avtomatik davranır”.

Psixoloq vurğulayıb ki, bu, zəiflik deyil:
“Beyin bizi səhv yönləndirmək istəmir sadəcə sürətli yaşamaq üçün reallığı sadələşdirir. Məntiqsiz görünən qərarlar əslində o an üçün ən təhlükəsiz hiss edilən seçim olur. Buna görə insan sonradan peşman olur. Bir növ qərarı ağıl yox, emosional yaddaş verdiyi üçün belə olur”.

Pərviz

0