Südlü qəhvə iltihabla mübarizə apara bilərmi? - ARAŞDIRMA

SAĞLAMLIQ
11:40 / 12.02.2026
37

Bir çox insanlar, günə bir-iki fincan qəhvə ilə başlayanlar üçün bu içki iltihabla mübarizə aparan ən güclü antioksidant mənbələrindən biridir. Lakin 2023-cü ildə aparılan araşdırmaya görə, süd ilə qəhvə iltihabla adi qəhvədən daha effektiv mübarizə aparır. 

HİT.az xəbər verir ki, bu barədə "Prevention" yazır.

"Journal of Agriculture and Food Chemistry" jurnalında dərc araşdırmada alimlər hüceyrələri tədqiq edərək polifenolların – iltihabla mübarizə aparan molekulların – zülallarla birləşdikdə nə baş verdiyini öyrəniblər.

"Qəhvə dənələri təbii olaraq polifenollarla zəngin olduğundan və süd zülal ehtiva etdiyindən, tədqiqatçılar molekulların süd ilə qəhvə içində bir-birinə bağlanıb-bağlanmayacağını yoxladılar. Molekullar həqiqətən birləşdi və nəticədə təsirə məruz qalan hüceyrələr polifenollar tək istifadə olunanda olduğundan iki dəfə effektiv şəkildə iltihabla mübarizə apardılar. Bu o deməkdir ki, sadəcə səhər qəhvənizə süd əlavə etməklə, bədəninizi iltihabla iki dəfə effektiv mübarizə aparmağa kömək edə bilərsiniz", deyə məqalədə vurğulanıb.

Qidalanma və Diyetologiya Akademiyasının milli nümayəndəsi və Profilaktik Tibb Şurasının üzvü Melissa Mroz-Planells bildirib ki, polifenollar bir çox bitki məhsullarında mövcuddur və flavonoidlər, fenol turşuları, lignanlar və stilbenlər ehtiva edir:

"Polifenollar antioksidant kimi fəaliyyət göstərərək sərbəst radikallarla mübarizə aparır (sabit olmayan molekullar) və iltihab zamanı tez-tez müşahidə olunan hüceyrə zədələnmələrindən qoruyur".

Eyni zamanda, tibb doktoru, sertifikatlı terapevt və revmatoloq Scott Zashin bildirib ki, polifenollar oksidləşmə stresini də azaldır, hansı ki adətən iltihaba səbəb olur:

"Qida sənayesi əslində polifenolları müxtəlif qida məhsullarında istifadə edir ki, onların keyfiyyətini artırmaq və dadının pozulmasının qarşısını almaq mümkün olsun".

Başqa sözlə, polifenollar təbii konservant rolunu oynayır. Mroz-Planells qeyd edir ki, onları giləmeyvələrdə, otlar, ədviyyatlar, qoz-fındıq, kətan toxumu, zeytun, çay, qırmızı şərab, tam taxıllı məhsullar və bəzi tərəvəzlərdə tapmaq mümkündür. 

Dr. Zashin bildirib ki, 2023-cü ildəki araşdırmada alimlər süni şəkildə iltihab yaratdılar və hüceyrələri ona məruz qoyublar:

"Əgər siz infeksiya ilə yoluxmusunuzsa, bədəniniz infeksiya ilə mübarizə aparmaq üçün ağ qan hüceyrələrini hərəkətə gətirir ki, bu da iltihaba səbəb olur. Buna görə də qəhvə (polifenollar) və süd (amin turşuları) içdiyiniz zaman, bu, yalnız qəhvə içdiyinizdən daha böyük antiiltihab təsiri yaradır"..

Zashin əlavə edir ki, polifenollarla zəngin pəhrizin antiiltihab təsiri ola bilər:

"Revmatologiyada biz tez-tez iltihablı xəstələrə – istər revmatoid artrit, istərsə də lupus olsun – polifenollarla zəngin Aralıq dənizi pəhrizini tövsiyə edirik, və bu araşdırma yalnız həmin tövsiyəni təsdiqləyir".

Samir
 

0