Silent Sprinq İnstitutunun alimləri saç uzadıcı tellərdə xərçəng və hormon pozuntuları riskini artıran yüzlərlə potensial təhlükəli kimyəvi birləşmələr aşkar ediblər.
HİT.az xəbər verir ki, tədqiqat "Environment & Health" (E&H) jurnalında dərc olunub.
Tədqiqatçılar 43 məşhur məhsulu – həm sintetik liflərdən, həm də insan saçları daxil olmaqla təbii materiallardan olanları – analiz ediblər. Yüksək dəqiqlikli kimyəvi analiz vasitəsilə 900-dən çox kimyəvi “imza” müəyyən edilib və 169 müxtəlif maddə identifikasiya olunub.
Demək olar ki, bütün nümunələrdə (iki nümunə istisna olmaqla) xərçəng riskini artıran, hormon pozuntularına, inkişaf problemlərinə və immun sisteminə təsir göstərən birləşmələr mövcud olub.
Aşkar edilən maddələr arasında antipirenlər, ftalatlar, pestisidlər, stiren və organotinlər var. Sonuncular alimləri xüsusilə təəccübləndirib: bu birləşmələr plastik sabitləşdirici kimi istifadə olunur, dəridə qıcıqlanma yarada bilər və hormon balansının pozulması ilə əlaqələndirilir. 36 nümunədə isə əvvəllər süd vəzisinin xərçəng riski ilə əlaqələndirilmiş maddələr tapılıb.
Tədqiqat müəllifləri qeyd edirlər ki, uzadıcı tellər həftələrlə taxılır və material uzun müddət baş və boyun dərisi ilə təmasda olur. Bundan əlavə, istiliklə formalaşdırma zamanı məhsullar havaya kimyəvi maddələr buraxa bilər. Məhsul istehsalçıları isə tərkibi tam açıqlamaq məcburiyyətində deyillər.
Alimlərin fikrincə, nəticələr daha ciddi nəzarətin və tərkib üzrə tam şəffaflığın vacibliyini vurğulayır ki, istehlakçılar mümkün riskləri məlumatlı şəkildə qiymətləndirə bilsinlər.
Samir

