Bədənimizdə piy toxuması bir çox vacib funksiyanı yerinə yetirir — vitaminləri saxlamaqdan bədənin istiliyini qorumağa qədər. Lakin bir növ piy, yəni qarın boşluğu ətrafında və mədə, qaraciyər, bağırsaqlar kimi orqanların ətrafında toplanan visseral piy sağlamlıq üçün zərərlidir.
HİT.az xəbər verir ki, "Eating Well" nəşrinin məlumatına görə, bu piyin miqdarını azaltmağa kömək edə biləcək bir içki var: qəhvə.
2025-ci ildə 45 000-dən çox iştirakçı ilə aparılmış tədqiqat göstərib ki, gündə orta hesabla 1,7 fincan qəhvə içən şəxslərdə visseral piy miqdarı qəhvə içməyənlərlə müqayisədə xeyli az olub. Kiçik miqdarda visseral piy orqanları qorumaq üçün vacib olsa da, artıq miqdarı ürək-damar xəstəlikləri riskini artırır.
Diyetoloq Meqan Berd qeyd edir ki, qəhvənin enerji artırmaq xüsusiyyəti və tərkibindəki kafein metabolizmin sürətlənməsində əsas rol oynaya bilər. Onun sözlərinə görə, kafeinin metabolizmi sürətləndirməsi qəhvənin piylərin azalmasına kömək etməsinin əsas səbəblərindən biridir. Maraqlıdır ki, eyni təsir yaşıl çayda müşahidə olunmayıb, baxmayaraq ki, o da kafein ehtiva edir.
Qəhvə adətən yaşıl çaydan daha çox kafein ehtiva edir və bu da sakit vəziyyətdə metabolizmin daha çox sürətlənməsinə səbəb olur. Bəzi tədqiqatlara görə, qəhvə istehlakından sonra metabolizm 5–20% arası artaraq üç saat davam edə bilər.
Hər fincan qəhvə 200–550 milliqram antioksidant tərkibinə malikdir, bu da yaşıl çay və ya qırmızı şərabdan daha yüksəkdir. Antioksidantlar hüceyrə zədələnmələrinə qarşı qoruyur. 2024-cü ildə aparılmış tədqiqat göstərib ki, daha çox antioksidant qəbul etmək visseral piyin azalması ilə əlaqələndirilə bilər.
Diyetoloq Dr. Bet Konlonun sözlərinə görə, qəhvədə olan xlorogenik turşu və kafestol visseral piyin azalmasına kömək edən iki əsas antioksidantdır: “Xlorogenik turşu qarın bölgəsində piy miqdarını, bədən çəkisini və bel çevrəsini azalda bilər.
Kafestol isə bədən çəkisi və visseral piyin azalması ilə bağlıdır.
Kafein sinir sistemini stimullaşdıraraq iştahanı azalda bilər. Bu, qida qəbulunu azaldaraq zamanla qarın piylərinin azalmasına dolayısı ilə təsir edir. Lakin bəzi tədqiqatlar kafeinin iştahanı basmaq təsirinin dəyişkən olduğunu göstərir; məsələn, qəhvəni yeməkdən sonra içmək aclıq hissini daha yaxşı azaldır. Qeyd edək ki, qəhvə ilə yeməyi əvəz etmək məsləhət deyil.
“Əgər qəhvəyə çox yağ və şəkər əlavə edirsinizsə, sağlamlıq üçün faydası təmiz qəhvə qədər böyük olmayacaq”, deyə Berd bildirir.
Əgər acı dadlı qəhvəyə alışa bilmirsinizsə, az miqdarda süd və ya bitki mənşəli süd alternativləri (yulaf, badam südü) əlavə edərək qəhvəyə şirinlik qatmaq mümkündür, amma çox şəkər əlavə etməmək vacibdir.
Bundan əlavə, qəhvəni günün ilk yarısında içmək tövsiyə olunur ki, yuxuya mane olmasın.
Samir


