Həddindən artıq qısqanmaq xəstəlikdir?

SAĞLAMLIQ
12:30 / 20.02.2026
122

“Bəzi insanlar həddindən artıq dərəcədə qısqanc olurlar”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, qısqanclıq psixoloji xəstəlik deyil:


“Əgər qısqanclıq şiddətli və tez-tez olursa, bu psixoloji problem sayılır. Nə zaman problem sayılmır? O zaman problem sayılmır ki, qısqanclıqla qarşı tərəfin sərhədlərinə müdaxilə edilmir və bir-birlərini anlayaraq məsələni həll edə bilirlər. Yəni bu uzun müddət davam etmir, dəyərdən, diqqətdən və sevgidən yaranırsa problem deyil. Lakin mütəmadi şəkildə təkrarlanması pisdir”.

Ekspert bir neçə nümunə də göstərib:
“Qısqanc şəxslər hər an sevdiklərini itirmə qorxusu yaşayırılar. “Məni tərk edəcək”, “Məni tək qoyacaq”, “Məndən ayrılacaq” kimi düşüncələr buna nümunədir. Hər daim bunları düşünmək münasibətdə olan insanla problemlərin yaranmasına səbəb olur. Bundan əlavə, həyatındakı şəxsin telefonun və ya sosial şəbəkələr hesablarının tez-tez yoxlaması da normal davranış deyil. Bu, həddindən artıq qısqanclıqdan doğan güvənsizliyin nəticədur. Üstəlik, bu da öz növbəsində “Mənə xəyanət edir” düşüncəsini formalaşdırır.

Bundan başqa, qısqanclığa görə aqressiv və zorakılıq halları da yaşana bilir. Bu, tərk edilmək qorxusundan irəli gəlir. Yəni obsessiv olaraq itirmə qorxusundan içərisində yaranan aqressiya, qısqanclıq, qorxular bir növü daha da şiddətli bir zorakılıq hallarına gətirib çıxarır. Sözsüz ki, qarşı tərəflə belə davranılması artıq sevgi deyil. Bu, sadəcə qarşı tərəfi idarə etməyə çalışmaqdır”.

Psixoloq diqqətə çatdırıb ki, bəzi insanlar öz psixoloji problemlərilə münasibətdə olduğu şəxsi həddindən artıq dərəcədə idarə etməyə çalışırlar:
“Əfsuslar olsun ki, bəzən şiddət və zorakılıq da işin içərisinə girir. Bütün bunların əsas səbəbi özgüvənsizlikdir. Belə insanlarda adətən özgüvənsizlik və inamsızlıq olur. Ona görə də tərkedilmə qorxusu yaşayırlar. Onu da qeyd edim ki, özgüvən problemləri uşaqlığından da gələ bilir. Yəni biz qarşımızdakı insana artıq güvən duymamağı öyrəndiyimizdə artıq bundan sonrakı həyatımızda dostluqlarda və ya münasibətlərdə güvənsizlik problemi yaşamağa başlayırıq. 

Əgər bu durumlar ağırlaşıb daha da şiddətli bir hala gələrsə, artıq xəstəlik sayıla bilər. Yəni bu, artıq adi bir qısqanclıq deyil, böyük problem və ya xəstəlik olur. İnsanın özünü və qarşısındakını incidəcək, yoracaq, onun yaşamaq hissini, sevgisini azaldacaq səviyyədə olan hal qısqanclıq deyil, xəstəlikdir. Unutmayın ki, sevgi boğmaq deyil, sevgi yaşatmaqdır, var etməkdir. Həmçinin, sevgi əl-ələ tutub böyüməkdir, dinləməkdir, anlamaqdır, anlayışdır”.

Pərviz


 

0