Flora Kərimovanın sidik içmək metodu sağlıqlıdır?

SAĞLAMLIQ
13:37 / 23.02.2026
53

Xalq artisti Flora Kərimova uzun illərdir müxtəlif müsahibələrində həm özünün, həm də ailə üzvlərinin sidik içdiyini açıq şəkildə etiraf edib. 

Sənətçinin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə, hətta ciddi narazılıqlara səbəb olub. Bu baxımdan, məsələ ilə bağlı tibbi araşdırmaların nəticələri və həkim rəyləri xüsusi əhəmiyyət daşıyır. 

Cəmiyyət üçün maraqlı olan əsas sual isə budur: sidik içilməsi həqiqətən faydalıdırmı, yoxsa sağlamlıq üçün potensial risk mənbəyidirmi?

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, ekskrementlərin orqanizmə yenidən qəbulunu akademik təbabət qəbul etmir:

392595

"Bu yanaşmanı daha çox xalq təbabəti çərçivəsində qiymətləndirmək olar. “Sidik içilməsi “urinoterapiya” adlanır. Sidiyin tərkibində olan bəzi elementlər ayrı-ayrı hallarda müəyyən müsbət təsir göstərə bilər. Lakin bu təsirlər elmi araşdırmalarla sübuta yetirilmədiyi üçün müasir tibb tərəfindən qəbul edilmir".

Professor qeyd edib ki, bu gün akademik təbabətda əsas prinsip xəstəliyə qarşı selektiv və hədəfli müalicə üsullarının tətbiqidir:

"Hətta onkologiyada belə ənənəvi kimyaterapiya mərhələli şəkildə daha müasir üsullarla əvəz olunur. Onun yerini immunoterapiya, hədəf terapiyası və digər innovativ metodlar tutur. Müasir təbabət elə istiqamətdə inkişaf edir ki, tətbiq olunan müalicənin orqanizmə ümumi təsiri minimum, konkret xəstəliyə selektiv təsiri isə maksimum olsun. Bu baxımdan, urinoterapiya qeyd olunan elmi və klinik meyarlara cavab vermir”.

Günel

0