“Bəzi insanlarda nadir görülən, “Prozopaqnoziya” adlı bir xəstəlik var”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu xəstəliyə düçar olan şəxslər insanlarının üzlərini xatırlamırlar:
“Əslində, həmin insanlar normal görürlər, amma qarşısındakı insanın üzünü tanımaqda çətinlik çəkirlər. Hətta zaman-zaman özlərini belə güzgüdə tanıya bilmirlər. Yəni problem gözdə deyil, beynin üzləri tanıyan hissəsindədir. Göz, burun, ağız görünür, amma beyin o üzü bütöv şəkildə yaddaşa bağlaya bilmir. Ona görə də bəzən ən yaxın insanı belə küçədə görəndə bir anda tanımırlar”.
Ekspert qeyd edib ki, bu unutqanlıq, hörmətsizlik və ya diqqətsizlik deyil:
“Sadəcə beynin mexanizm fərqli işləyir. Çox vaxt insanları səsindən, danışıq tərzindən, saçından, boyundan, geyimindən və ya yerişindən tanıyırlar. Bu vəziyyət ya doğuşdan olur, ya da sonradan beyin travması, insult və ya digər nevroloji səbəblərdən sonra yaranır. Əslində, bu hal psixoloji zəiflik deyil, amma psixoloji təsiri böyük ola bilər. Çünki insan tez-tez sosial narahatlıq yaşayır, utanır, özünü günahlandırır, “niyə hamı tanıyır, mən tanımıram?” deyə düşünür”.
Psixoloq bu xəstəlikdən əziyyət çəkən insanların nə edə biləcəyi barədə də danışıb:
“Əvvəlcə bunu qəbul etmək vacibdir ki, bu sizin günahınız deyil və intellektinizə aidiyyatı yoxdur. Ona görə də özünüzü qınamağı dayandırmaq birinci addımdır. İkincisi, alternativ tanıma yollarını şüurlu şəkildə gücləndirmək olar. Məsələn, insanları səs tonu, danışıq sürəti, istifadə etdiyi ifadələr, saç düzümü, eynək, saqqal kimi detallarla yadda saxlamaq mümkündür. Hətta telefonunuzda insanları qeydə alarkən kiçik fərqləndirici qeydlər etmək kömək edə bilər”.
Həmsöhbətimiz fikirlərini belə tamamlayıb:
“Sosial mühitdə açıq olmaq çox rahatladıcıdır. Yaxın çevrəyə bunu izah etmək, “üzləri tanımaqda çətinlik çəkirəm” demək utanılacaq bir şey deyil. Əksinə, qarşı tərəfin anlayışını artırır. Əgər vəziyyət sonradan yaranıbsa və ya gündəlik həyatı ciddi şəkildə çətinləşdirirsə, nevroloqa müraciət etmək mütləqdir. Paralel olaraq psixoloji dəstək də sosial narahatlığı və özünə qarşı sərt münasibəti azaltmağa kömək edir. Ən önəmlisi isə budur: sizdə problemli bir şəxsiyyət yoxdur, sadəcə beyniniz fərqli işləyir. Beynin fərqli işləməsi isə qüsur deyil”.
Pərviz



