Məlum olduğu kimi, Goranboyda peyvənd vurulan körpə ölüb.
Belə ki, rayonun Yuxarı Ballıqaya kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. Lakin körpə bunun ardından ölüb. Onun iynənin təsirindən şoka düşərək vəfat etdiyi iddia edilir.
Bu hadisə peyvəndlərin keyfiyyət məsələsini yenidən aktuallaşdırır. Çünki zaman-zaman uşaqların peyvənddən sonra halının pisləşdiyinin şahidi olmuşuq.
Pediatr, infeksionist Aytən Ziyadova Hit.az-a açıqlamasında bildirib ki, adi qızdırma dərmanından belə xəstə şoka düşə bilər:

"Bütün dərman preparatları müəyyən hallarda allergik reaksiya və ya anafilaktik şok yarada bilər. Belə vəziyyətlərdə şok əleyhinə təcili tibbi müdaxilə olduqca vacibdir. Peyvənddən sonra körpənin şoka düşərək həyatını itirməsi ilə bağlı yayılan məlumatlar insanların gözündə peyvəndə olan inamı, etibarı azaldır".
Lakin həkim qeyd edib ki, peyvən infeksion xəstəliklərdən qorunmanın ən effektiv vasitədir:
"Cəmiyyətin düzgün məlumatlandırılması isə medianın üzərinə düşən əsas vəzifələrdən biridir. Unutmayaq ki, təkcə peyvənd deyil, istənilən dərman preparatı şok yarada bilər".
Pediatr Vaqif Qarayev isə Hit.az-a açıqlamasında deyib ki, peyvəndlərlə bağlı yanlış fikir formalaşıb:

"İndiyə qədər belə peyvəndlərin Hindistan istehsalı olduğuna dair fikir yayılıb. Lakin indi dövlət poliklinikalarının hamısında Avropa istehsalı vaksinlər var. Haqqında söhbət gedən uşağın nə səbəbdən öldüyü hələ tam dəqiq deyil. O uşaq xəstə olub-olmadığını bilmirik. Ən əsası körpənin peyvənddən ölməsi həkimlər tərəfindən etiraf olunubmu? Bu barədə də məlumat yoxdur".
Günel


