XXI əsrin bəlası: Piylənmə

SAĞLAMLIQ
22:14 / 23.02.2026
49

Piylənmə müasir dövrün ən ciddi sağlamlıq problemlərindən biri kimi qəbul olunur.

Bu problem artıq yalnız böyükləri deyil, uşaqları da əhatə edir. Dünyanın demək olar ki, bütün ölkələrində insanlar artıq çəki və piylənmənin yaratdığı fəsadlarla üz-üzə qalırlar. Nəzərə almaq lazımdır ki, piylənmə yalnız estetik problem deyil, həm də ürək-damar xəstəlikləri, şəkərli diabet və digər ciddi fəsadlara yol aça bilən risk faktorudur. Buna görə də piylənməyə diqqət etmək lazımdır.

Həkim, dietoloq Şəfa Yadigarova Hit.az-a açıqlamasında bildirib ki, piylənmə XXI əsrin bəlası hesab olunur:

"Hazırda artıq çəkidən əziyyət çəkən insanların sayı sürətlə artır. Piylənmə ürək-damar xəstəlikləri, şəkərli diabet və müxtəlif xroniki patologiyaların yaranmasına səbəb ola bilər. Bununla yanaşı, artıq çəki ilə mübarizənin müxtəlif üsulları mövcuddur. Son dövrlər arıqladıcı iynələrə, çaylara, kofelərə və digər vasitələrə həddindən artıq müraciət edilir. Lakin nəzərə almaq lazımdır ki, piylənmə xroniki xəstəlikdir və onun əsasında həddindən artıq qidalanma, hormonal pozğunluqlar və psixoloji amillər dayanır. Bəzi hallarda insan qida qəbul etsə də, doyma hissi yaşamır ki, bu da psixoloji səbəblərlə əlaqəli olur".

392632

Mütəxəssis qeyd edib ki, fiziki aktivliyin azlığı və oturaq həyat tərzi də artıq çəkinin əsas səbəblərindəndir:

"Qadınlarda piy əsasən qarın, çanaq, yan və bel nahiyəsində, kişilərdə isə daha çox qarın və buxaq hissəsində toplanır. Bu isə insanlarda estetik narahatlıq yaradır və nəticədə bəziləri mədə kiçiltmə, plastik əməliyyatlara üz tutur.

Lakin daha doğru yanaşma peşəkar mütəxəssisə müraciət etməkdir. Artıq çəkinin səbəbi mütləq araşdırılmalı, orqanizmdə çatışmayan vitamin və mikroelementlər müəyyən edilməlidir. Hər bir insana fərdi pəhriz proqramı tərtib olunmalı və fiziki aktivlik tövsiyə edilməlidir. Bu o demək deyil ki, insan gününü idman zalında keçirməlidir. Arıqlamaq istəyən şəxs üçün gün ərzində təxminən 7000 addım atmaq kifayət edə bilər. Tədqiqatlar göstərir ki, gündə 7000 addım atmaq ömrün uzanmasına da müsbət təsir göstərir".

Həkim onu da əlavə edib ki, mədə kiçiltmə əməliyyatı, liposaksiya və arıqladıcı iynələr barədə düşünən şəxslər artıq çəkinin formalaşmasında genetik amillər də rol oynaya bildiyini bilməlidirlər:

"Buna görə də ilk növbədə qidalanmaya diqqət yetirilməli, ağ undan hazırlanmış məhsullardan uzaq durulmalı, yuxu rejimi və su qəbulu tənzimlənməlidir. İnsanlar sağlam həyat tərzini məcburiyyət və qadağalar üzərində deyil, düzgün seçimlər əsasında qurmalıdırlar. Sağlam qidalara və fiziki aktivliyə üstünlük verilməli, problem isə təsadüfi üsullarla deyil, mütəxəssis nəzarəti ilə həll edilməlidir".

Günel

0