Ohaio Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, pəhrizdə lif çatışmazlığı yaşlılarda yaddaşın pozulmasını sürətləndirə bilər – hətta artıq çəki görünmədən əvvəl.
HİT.az xəbər verir ki, tədqiqat “Brain, Behavior, and Immunity” (BBI) jurnalında dərc olunub.
Təcrübədə gənc və yaşlı siçanlara üç gün ərzində ya standart qida verilib, ya da beş “raffinə edilmiş” pəhrizdən birinə yerləşdirilib. Bu pəhrizlərdə yağ və şəkərin miqdarı fərqli idi, lakin ümumi xüsusiyyət – lifin olmamasıdır. Lif bitki mənşəli qida komponentidir, həzm fermentləri tərəfindən parçalanmır, bağırsaqdakı faydalı mikroflora tərəfindən emal olunur.
Davranış testləri göstərib ki, yaşlı heyvanlarda yağ və şəkərin nisbətindən asılı olmayaraq, uzunmüddətli emosional yaddaş pozulub – bu, amigdala ilə bağlıdır. Hippokampus funksiyaları isə (məkan və epizodik yaddaş) əsasən yüksək yağlı və aşağı şəkərli pəhrizdə zəifləyib.
Qan və bağırsaq analizləri qida liflərinin parçalanması nəticəsində əmələ gələn qısa zəncirli yağ turşusu – butirat səviyyəsinin kəskin düşdüyünü göstərib. Əvvəllər məlum idi ki, butirat iltihab əleyhinə təsirə malikdir və qan-beyin baryerini keçə bilir. Onun çatışmazlığı beyin iltihabına şərait yarada bilər.
Hüceyrə səviyyəsində alimlər mikroqlia – beynin immun sisteminə aid hüceyrələrin mitoxondriyalarının zədələndiyini müəyyən ediblər. Gənc heyvanlarda enerji strukturları yükə uyğunlaşsa da, yaşlılarda bu funksiya xeyli zəif olub.
Tədqiqat müəllifləri vurğulayır ki, neqativ dəyişikliklər bir neçə gün ərzində baş verib və birbaşa piylənmə ilə bağlı olmayıb. Onların fikrincə, əsas risk faktoru lif çatışmazlığı və bununla bağlı butirat səviyyəsinin azalmasıdır. Gələcək tədqiqatlarda alimlər planlaşdırır ki, lif və ya butirat əlavələrinin bu yaşa bağlı yaddaş pozulmasını əksinə çevirə biləcəyini yoxlasınlar.
Samir


