“Bəzi insanlar həyatlarının müəyyən mərhələsində tamamilə dəyişdiklərini deyirlər, bəziləri isə gələcəkdə tam fərqli bir insan olacaqlarına inanırlar”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, ətraf mühit isə çox vaxt buna skeptik yanaşır və “insan dəyişməz” fikrini müdafiə edir:
“İnsan şəxsiyyəti iki əsas hissədən ibarətdir: Nisbətən sabit olan temperament və zamanla formalaşan davranış, düşüncə və emosional reaksiya modelləri. Temperament yəni insanın doğuşdan gətirdiyi həssaslıq səviyyəsi, emosional intensivliyi və ya introvert ekstrovert meyli adətən tamamilə dəyişmir. Bu, şəxsiyyətin bioloji bazası hesab olunur. Lakin insanın həyat təcrübələri, travmaları, ailə mühiti, sosial münasibətləri və şüurlu seçimləri onun xarakterini və davranışlarını formalaşdırır. Məhz bu hissə dəyişə biləndir. Psixologiyada neyroplastiklik anlayışı var. Bu, beynin yeni təcrübələrə uyğun olaraq öz sinir əlaqələrini yenidən qurmaq qabiliyyətidir”.
Ekspert qeyd edib ki, insan yeni düşüncə tərzi formalaşdırdıqda, emosiyalarını fərqli şəkildə tənzimləməyi öyrəndikdə və ya köhnə reaksiyalarının yerinə daha sağlam davranışlar qoyduqda beyin də buna uyğun dəyişir:
“Yəni dəyişiklik təkcə istək deyil, həm də bioloji səviyyədə mümkün olan bir prosesdir. Ancaq burada vacib bir məqamı unutmaq olmaz. Belə ki, insan adətən mahiyyətini yox, davranış strategiyalarını dəyişir. Məsələn, aqressiv biri emosiyalarını idarə etməyi öyrənə bilər, amma onun daxili həssaslığı qalır. Güvənsiz biri öz üzərində işləyərək daha sağlam münasibət qura bilər, amma yenə də müəyyən situasiyalarda köhnə qorxular aktivləşə bilər. Bu o demək deyil ki, dəyişiklik baş verməyib. Bu, sadəcə insanın öz daxili strukturu ilə işlədiyini göstərir”.
Psixoloqun sözlərinə görə, ətrafın dəyişikliklərə inanmaması da psixoloji olaraq izah oluna bilər:
“İnsanlar başqalarını sabit obraz kimi qəbul etməyə meyllidirlər. Bu, beynin enerjiyə qənaət və təhlükəsizlik mexanizmidir. Kimsə dəyişəndə həmin obraz pozulur və bu narahatlıq yaradır. Ona görə də ətrafdakı insanlar çox vaxt “sən yenə əvvəlki kimisən” deyə reaksiya verirlər. Tamamilə başqa biri olmaq istəyi isə çox vaxt daxili narazılıqdan və özünü qəbul etməməkdən qaynaqlanır. İnsan keçmiş davranışlarına görə utanc və ya peşmanlıq hiss edəndə, köhnə “mən”i silmək istəyir. Halbuki psixoloji sağlamlıq özünü inkar etmək deyil, özünü inteqrasiya etməkdir. Keçmiş təcrübəni anlayıb ondan nəticə çıxarmaq, amma onunla eyniləşməməkdir”.
Zəhra Zahidova əlavə edib ki, insanın tamamilə fərqli birinə çevrilməsi real deyil, ancaq daha şüurlu, yetkin və emosional olaraq balanslı bir versiyaya çevrilməsi mümkündür:
“Dəyişiklik ani qərarla yox, davamlı fərqindəlik, məsuliyyət və təkrar davranış nəticəsində baş verir. İnsan dəyişə bilər, amma bu dəyişiklik köhnə “mən”i silmək deyil, onu transformasiya etməkdir. Yəni insanın dəyişimi məhz öz içində başlayır. Ona görə də bunu başqalarına sübut etməyə ehtiyac yoxdur”.
Pərviz


