“Azərbaycanda evlilik yaşının artması tək səbəblə izah olunmur”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu, sosial dəyişimin psixoloji bir nəticəsidir:
“Bunun bir neçə səbəbi var. Gənclər hazırkı dövrdə daha çox özünü tapmağa fokuslanıblar. Yəni gənclər üçün karyera və maddi gəlir ön plandadır. Maddiyyatın ön planda olması onları istər-istəməz ailə qurmaq düşüncəsindən uzaqlaşdırır. Əvvəllər yaşları çatanda evlənirdilərsə, indi maddi baxımdan hazır olanda evlənmək düşüncəsi formalaşmağa başlayıb.
Bundan başqa, gənc travmatik ailədə böyüyübsə, valideyn konfliktlərini çox görübsə, evlənməyə müsbət yanaşmır. Eyni zamanda, boşanan və ya soyuq münasibət mühitində, şiddətlə, qəzəblə, diqqətsiz, qayğısız bir ailədə böyüyübsə də bu düşüncə yaranır. İstər-istəməz şüuraltı belə bir mesaj yaranır ki, “əgər alınmayacaqsa, nəyə görə evlənməliyəm?”. Sözsüz ki, bu da müdafiə mexanizmlərindən biridir”.
Ekspertin sözlərinə görə, artıq “seçim bolluğu” da var:
“Yəni qərarda artıq yorğunluq yaranmağa başlayır. Çünki sosial şəbəkələrdə və gənclərin ətrafında alternativ çoxdur. Müqayisə duyğusu artıq həmin gənclərdə “daha da yaxşısı olsun” düşüncəsini aktivləşdirməyə başlayır. Bu düşüncənin aktivləşməsi gənclərdə bağlanma qorxusunu artırır. Yəni birdən kiməsə bağlansalar, daha da yaxşısı çıxsa ondan ayrıla bilməyəcəklərini düşünürlər.
Həmçinin, mükəmməlliyətçiliyi axtarmaq da səbəblər sırasındadır. Ailə qurmaq üçün ailə qurmaq deyil, bir növü daha da mükəmmələ doğru yönəlirlər. Maddi gəliri yaxşı olsun, evi, həyatı, düzəni olsun, xasiyyəti uyğun gəlsin. Bundan əlavə, evləcəkləri şəxsin yanında özlərini çox rahat hiss etmək istəyirlər. Bunlardan 4-ü qarşı tərəfdə olsa, biri olmasa, onda seçim müddətini uzatmağa başlayır ki, daha da mükəmmələ doğru yönəlsinlər”.
Nabat Mirzəyeva onu da vurğulayıb ki, bəzi insanlar isə “ruh əkizi” axtarışında olurlar:
“Ancaq biz unuduruq ki, “ruh əkizi” sadəcə romantik bir mifdir. Biz “ruh əkizi”ni deyil, ünsiyyətin içərisində uyğunluğu axtarmalıyıq. Çünki münasibət hər məsələni danışaraq anlaşa bilməyin üzərində qurulur. Yəni münasibət çox ideallıq üzərində qurulmur. Anlaşırıqmı? Bir-birimizi dinləyə bilirikmi? Konfliktləri həll edə bilirikmi? Yəni qarşımızdakı insanın emosional olaraq yetişib-yetişmədiyinə nəzər yetirməliyik.
Çox təəssüf ki, hazırkı dövrdə gənclər özlərini tanımadan partnyor axtarmağa başlayırlar. Bəzən isə emosional asılılığı sevgi ilə qarışdırırlar. Qısamüddətli həyəcan sevgi deyil. Biz unuduruq ki, münasibət uzun dönəmli həyacanlı deyil, sağlam təməllər üzərində qurulan bir münasibətdir. Münasibətdə həyacanı, adrenalini deyil, sağlam şəkildə anlayışa, dəyərə, söhbətə, diqqəti və bir-birimizin ünsiyyət bacarığında önəm verməliyik. Düşünülür ki, həyacanlı olmadığı zaman darıxdırıcı bir münasibət olar, ancaq belə deyil”.
Mütəxəssis fikirlərini belə tamamlayıb:
“Əslində, müasir dövrdə gənclər evliliyə qarşı deyil. Sadəcə onlar, qorxusuz, sağlam və şüurlu bir münasibət qurmaq istəyirlər. Yəni evlilik yaşı artmır, bir növ seçim keyfiyyəti dəyişir. Ancaq unutmayaq ki, münasibət qurduğumuz insanda mükəmməlliyi deyil, insanlığı və anlayışı ön planda tutmalıyıq”.
Pərviz



