“Anoreksiya” nədir? – Psixoloq İZAHI

SAĞLAMLIQ
12:30 / 02.03.2026
131

“Bəzi insanlarda ciddi şəkildə kökəlmək qorxusu olur. Hətta buna görə yeməkdən belə imtina edirlər”.

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, “Anoreksiya” adlanan psixoloji xəstəlikdir:


“Lakin “Anoreksiya” sadəcə yeməkdən imtina etmək deyil. Bu həm fiziki, həm də psixoloji sağlamlığı ciddi şəkildə təhdid edən kompleks bir xəstəlikdir. Bu pozğunluq insanın öz bədəninə, görünüşünə və ümumilikdə öz dəyərinə baxışını köklü şəkildə dəyişdirir. Belə ki, kökəlmək qorxusu ilə yaşayan insanlar qidanı təhlükə kimi qəbul etməyə başlayırlar. Hətta normal və ya artıq tibbi baxımdan zəif çəkidə olsalar da, güzgüdə özlərini yetərincə incə görmür və mütəmadi narazılıq və narahatlıq hiss edirlər”. 

Ekspert qeyd edib ki, bu vəziyyətin səbəbləri çoxşaxəlidir və adətən bir neçə faktorun birləşməsi nəticəsində formalaşır:
“Uşaqlıq dövründə bədənlə bağlı edilən tənqidlər, valideynlərin və ya müəllimlərin şərhləri, yaşıdların lağ etməsi insanın bədən obrazına ciddi təsir göstərə bilər. Həmçinin, sosial şəbəkələrin yaratdığı “ideal bədən” modeli, filtrli və reallıqdan uzaq görüntülər də müqayisə mexanizmini gücləndirir. İnsan özünü davamlı başqaları ilə müqayisə etdikdə və dəyərini yalnız görünüş üzərindən ölçdükdə, yemək nəzarət ediləsi bir vasitəyə çevrilir. Psixoloji baxımdan isə “anoreksiya” çox zaman nəzarət ehtiyacı ilə əlaqəlidir”.

Psixoloq diqqətə çatdırıb ki, həyatın digər sahələrində özünü gücsüz və ya dəyərsiz hiss edən insan qida üzərində nəzarəti güc və sabitlik hissi kimi yaşaya bilər:
“Mükəmməllikçi xarakter, özünə qarşı həddindən artıq sərt olmaq, “ya tam, ya heç” düşüncə tərzi, aşağı özünə dəyər və emosiyaları ifadə etməkdə çətinlik də bu pozğunluğun inkişafında mühüm rol oynayır. Bəzi hallarda travmatik təcrübələr, ailədaxili konfliktlər və ya emosional laqeydlik də risk faktoruna çevrilə bilər. Eyni zamanda, bioloji və genetik meyllilik də inkar edilmir. Əslində “anoreksiya”dan çıxış yolu var, ancaq bu proses vaxt və sistemli yanaşma tələb edir. Ən önəmli addım peşəkar yardım almaqdır. Psixoterapiya insanın bədənlə və qida ilə bağlı təhrif olunmuş düşüncələrini dəyişməyə kömək edir. Emosiyaların tanınması və sağlam şəkildə ifadə olunması öyrədilir”.

Ülviyyə Ağazadə vurğulayıb ki, paralel olaraq qidalanma mütəxəssisi ilə işləmək, bədənin ehtiyaclarını yenidən tənzimləmək və sağlam qidalanma vərdişlərini formalaşdırmaq vacibdir:
“Bəzi hallarda tibbi nəzarət və multidissiplinar yanaşma da tələb oluna bilər. Ailə və yaxınların rolu isə xüsusilə böyükdür. Tənqid etmək, məcbur etmək və ya utandırmaq vəziyyəti ağırlaşdıra bilər. Əvəzində anlayışlı, sakit və dəstəkləyici münasibət, təhlükəsiz emosional mühit yaratmaq sağalma prosesini sürətləndirir. 


Ümumiyyətlə, insan özünü qəbul etməyi, bədənini düşmən deyil, həyatını daşıyan bir sistem kimi görməyi öyrəndikdə, dəyişiklik başlayır. “Anoreksiya” ilə mübarizə çətin ola bilər, amma düzgün dəstək, səbr və peşəkar müdaxilə ilə sağalma mümkündür. Hər bir insan bədənindən asılı olmayaraq dəyərlidir və bunu hiss etmək sağalmanın ən əsas nöqtəsidir”.

Pərviz

0