Üzərlik qoruyucu qüvvədir, yoxsa gizli təhlükə?

SAĞLAMLIQ
12:00 / 03.03.2026
134

Qədim zamanlardan etibarən bəd nəzərdən, pis nəfisdən qorunmaq üçün evlərdə üzərlik yandırılardı. 


Bu inanc sayəsində insanlar mənfi enerjinin, bəd nəzərin onlardan uzaqlaşdığına inanıblar. Ancaq son zamanlar üzərliklə bağlı müxtəlif fikirlər səslənir. Xüsusilə, Rusiya bu bitkinin zərərli olduğunu iddia edir. Hətta orada üzərlik narkotik tərkibli bitkilər siyahısına daxil edilib. Bu səbəbdən də ölkə ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanması və satışı qanunsuz hesab olunur və cinayət məsuliyyətinə səbəb olur. 

Bir müddət əvvəl Səhiyyə Nazirliyi və AZAL Rusiyanın üzərliklə bağlı qərarına görə əhaliyə müraciət etmişdi. Ötən gün isə Dövlət Dəniz və Liman Agentliyi Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Rusiyadakı Səfirliyinə bu barədə daxil olan notaya əsasən çağırış edib.

Maraqlıdır, həqiqətəb mənfi nəzərdə qorunmaq üçün istifadə etdiyimiz üzərlik zərərli və hətta narkotik tərkiblidir?
 
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, üzərliyin tərkibində harmalin, harmanol bioloji fəal alkaloidlərin mövcudluğu elmi araşdırmalarla təsdiqlənib:


“Bu maddələr isə beyində serotonin və dopamin kimi sinir ötürücülərinin parçalanma prosesini zəiflədir. Nəticə etibarilə, həmin maddələrin miqdarı artır və bu da müəyyən psixoaktiv təsir yarada bilir. Bitkinin tərkibindəki maddələrin ölkədən kənara çıxarılması və müxtəlif məqsədlərlə istifadəsi risk daşıdığı üçün bəzi ölkələrdə, o cümlədən Rusiyada bu maddə narkotik vasitə kimi qeydiyyata alınıb və istifadəsi məhdudlaşdırılıb”.

Professor qeyd edib ki, üzərliyin yandırılması zamanı tüstü ilə havaya qarışan bəzi alkaloidlərin insan orqanizminə təsiri mümkündür. Həkimin sözlərinə görə, bu təsir bəzi hallarda sakitləşdirici effekt kimi hiss oluna bilər, ancaq bu da tam olaraq sübuta yetirilməyib.


Günel

0