“Təəssüflər olsun ki, bəzi insanlarda mütəmadi şəkildə intihar və ya özünə zərər vermə düşüncələrinin mütəmadi şəkildə yaranır”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu, təkcə zəiflik və ya iradəsizlik göstəricisi deyil:
“Bu hal çox vaxt psixoloji və psixi sağlamlıqla bağlı ciddi çətinliklərin əlaməti olur. Lakin intihar düşüncəsi özü ayrıca bir xəstəlik deyil. Bu, daha çox depressiya, travma sonrası stress pozuntusu, sərhəd tipli şəxsiyyət pozuntusu, ağır anksiyete, maddə asılılığı və ya dərin emosional travmaların nəticəsi kimi ortaya çıxır. Elmi baxımdan intihar düşüncələri insanın psixikasında ümidsizlik, çıxış yolu görməmək, özünü dəyərsiz və yük kimi hiss etmə, gələcəyə dair mənasızlıq hissi ilə əlaqəlidir. Bu zaman beyində serotonin və digər neyromediatorların balansında dəyişikliklər müşahidə oluna bilər”.
Ekspertin sözlərinə görə, xüsusilə uzunmüddətli stress, uşaqlıq travmaları, emosional laqeydlik, zorakılıq, itki və ya rədd edilmə təcrübələri risk faktorları sayılır:
“Özünə zərər vermə davranışı isə çox vaxt insanın güclü emosional ağrını fiziki ağrı ilə əvəz etmə cəhdidir. Yəni kimsə daxili gərginliyi azaltmaq, nəzarət hissini geri qaytarmaq və ya emosional boşluğu doldurmaq üçün bu yola əl ata bilər. Əslində, bu, emosiyaların tənzimlənməsi mexanizminin sağlam formada formalaşmaması ilə bağlıdır. Lakin bu vəziyyətdən də çıxış yolu var.
Birinci addım problemin mövcudluğunu inkar etməmək və bunu utanılacaq bir hal kimi görməməkdir. Çünki psixoterapiya xüsusilə koqnitiv davranış terapiyası və dialektik davranış terapiyası bu sahədə effektiv hesab olunur. Lazım olduqda psixiatr tərəfindən təyin olunan antidepressant və ya digər dərmanlar da beyin kimyasının balansını bərpa etməyə kömək edə bilər”.
Psixoloq qeyd edib ki, eyni zamanda sosial dəstək, təhlükəsiz münasibətlər, emosiyaları ifadə etmə bacarığının inkişafı, streslə mübarizə üsullarının öyrənilməsi mühüm rol oynayır:
“İnsan beyninin plastiklik xüsusiyyəti var, yəni uyğun terapiya və dəstək ilə düşüncə modelləri dəyişə və intihar fikirləri zəifləyə bilər. Nəticə etibarilə, intihar düşüncələri çox vaxt başqa psixi problemlərin simptomu olur və müalicə oluna bilən bir vəziyyətdir. Yəni vaxtında peşəkar yardım almaq həyati əhəmiyyət daşıyır və sağalma real və mümkündür”.
Pərviz



