İftarda necə qidalanmaq lazımdır? – “Həddindən artıq yemək...”

SAĞLAMLIQ
14:30 / 04.03.2026
125

Ramazan ayında bir çox insan oruc tutur. 

Onlar, sübh tezdən imsak edir, axşam isə iftar açırlar. Bəzi insanlar gün ərzində çox ac olduqlarından iftarda həddindən artıq yemək yeyirlər. Lakin bunun nəticəsində müxtəlif sağlamlıq problemləri ilə qarşılaşa bilirlər. 

Bəs iftarda necə qidalanmaq lazımdır ki, sonradan sağlamlıq problemi yaranmasın? 

Mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlama verib.

O bildirib ki, oruc tutan insanların əksəriyyətinin Ramazan ayında düzgün qidalanma ilə bağlı kifayət qədər məlumatı yoxdur: 
“İftar zamanı orqanizmə zərər verməyəcək qidalar qəbul etmək lazımdır. Lakin bir çox insan iftarı açdıqdan sonra yatana qədər fasiləsiz şəkildə qida qəbul edir. Onlar düşünürlər ki, çox yemək bədəndə ehtiyat yaradacaq və ertəsi gün aclıq hissi daha az olacaq. Eyni yanaşma, imsak vaxtı da müşahidə olunur. Halbuki bu düşüncə tammailə yanlışdır. İnsan yalnız həzm edə biləcəyi qədər qida qəbul etməlidir. 

Artıq qəbul olunan qidalar isə bədəndə piy şəklində toplanır. İftarı açan şəxs oruc tutmadığı dövrdə axşam yeməyində nə qədər yeyirdisə, təxminən həmin miqdarda qidalanmalıdır. Çünki bundan artıq qəbul olunan qida sağlamlıq üçün zərərli ola bilər. Bəzi insanlar səhərdən axşama qədər ac qalmaqla çəkilərinin azalacaqlarını zənn edirlər. Ancaq bu da belə deyil. Əksinə, iftarda həddindən artıq yemək çəki artımına gətirib çıxara bilər”.

Həmsöhbətimizin sözlərinə görə, iftar zamanı normadan artıq qida qəbulu qanda yağların konsentrasiyasının artmasına səbəb olur:
“Nəticədə, qanda yağın miqdarı artır və bu da tromblaşma riskini yüksəldə bilər. Nəzərə almaq lazımdır ki, ürək-damar problemləri, o cümlədən infarkt halları daha çox axşam saatlarında baş verir. Axşam vaxtı yağlı və ağır qidaların çox qəbul edilməsi qanın qatılaşmasına və sağlamlıq üçün ciddi risklərin yaranmasına səbəb ola bilir. Orucluq zamanı axşam həddindən artıq yemək xüsusilə təhlükəlidir, çünki qanda yağların konsentrasiyasının artması qan dövranına mənfi təsir göstərir”. 

Günel Cəlilova

0