Görməni ideal səviyyədə saxlayan hər hansı “möcüzəvi” məhsul mövcud deyil. Göz sağlamlığı genetika, yaş, həyat tərzi və hətta ətraf mühit kimi bir sıra amillərdən asılıdır. Bununla belə, bəzi qidalar görmə funksiyasını dəstəkləyə bilər. Belə məhsullardan biri kimi kök yaxşı tanınır. Lakin məsələ yalnız bununla bitmir.
Hit.az xəbər verir ki, bu barədə diyetoloq Loren Manaker “EatingWell” nəşrində yazıb.
Mütəxəssis göz sağlamlığı üçün faydalı olan, tərkibində vacib vitamin və antioksidantlar olan daha 4 məhsulu sadalayıb.
1.Püstə
Püstə gözlər üçün olduqca qidalı məhsuldur. Fəlsəfə doktoru Meqan Meyer bildirib ki, 2025-ci ildə “The Journal of Nutrition” jurnalında dərc olunan araşdırmaya görə, püstə lütein tərkibli yeganə çərəzdir. Lütein antioksidant kimi fəaliyyət göstərərək gözləri zərərli mavi işıqdan qoruyur.
“Bir sıra müşahidə tədqiqatları göstərib ki, lütein və zeaksantinin daha çox qəbulu katarakta riskinin azalması və yaşa bağlı makulyar degenerasiyanın irəliləmiş mərhələyə keçməsinin qarşısının alınması ilə əlaqəlidir”, deyə Meyer izah edib.
Məqalədə qeyd olunur ki, yaşa bağlı makulyar degenerasiya mərkəzi görməyə təsir edən və yaşlı insanlar arasında görmə itkisinin əsas səbəblərindən biri olan göz xəstəliyidir.
“Son klinik sınaq göstərib ki, 12 həftə ərzində gündə 60 qram püstə istehlakı göz sağlamlığı göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb”, deyə o vurğulayıb.
2.Şirin kartof (batat)
Batat görmə üçün vacib olan A vitamininin zəngin mənbəyidir.
Magistr dərəcəli mütəxəssis Sara Şlixter bildirib ki, bir ədəd orta ölçülü şirin kartof gündəlik A vitamini tələbatının 100 faizindən çoxunu təmin edir.
Onun sözlərinə görə, A vitamini gözlərin normal nəmlənməsini təmin edir və gecə korluğunun qarşısını alan piqmentlərin yaranmasına kömək edir.
3.İspanaq
Tünd yaşıl yarpaqlı tərəvəzlər, xüsusilə ispanaq, göz sağlamlığı üçün faydası ilə seçilir.
Magistr dərəcəli mütəxəssis Uitni Stüartın sözlərinə görə, ispanaq gözün sarı ləkəsində toplanan lütein və zeaksantinlə zəngindir.
Makula tor qişanın aydın və detallı mərkəzi görməyə cavabdeh hissəsidir. İspanaqda olan lütein və zeaksantin bu vacib sahə üçün qoruyucu rol oynayır.
“Bu birləşmələr antioksidant və təbii mavi işıq filtri kimi fəaliyyət göstərərək oksidativ stressi azaldır və görmə kəskinliyini dəstəkləyir”, deyə Stüart bildirib.
4.Yumurta
Yumurta, xüsusilə də sarısı, gözləri qoruyan qida maddələrinin başqa bir mənbəyidir.
Magistr dərəcəli mütəxəssis Cennifer Haus qeyd edib ki, yumurta sarısı lütein və zeaksantinin ən yaxşı mənbələrindən biridir.
Onun sözlərinə görə, bu maddələr yağda həll olunan olduğuna və yumurta sarısı yağ ehtiva etdiyinə görə, orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Bu isə tor qişa və makulanın sağlamlığının qorunmasına kömək edir.
2021-ci ildə “Sci Food Agric” jurnalında dərc olunan araşdırma göstərib ki, gündəlik yumurta istehlakı qanda lütein səviyyəsini artırır və makulyar piqmentin optik sıxlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu göstərici yaşa bağlı makulyar degenerasiyanın irəliləmə riskinin azalması ilə əlaqələndirilir.
Görməni qorumaq üçün digər tövsiyələr
Düzgün qidalanma göz sağlamlığının vacib şərtidir, lakin yeganə amil deyil. Görməni uzun illər qorumaq üçün digər tədbirlər də önəmlidir.
Kompleks göz müayinəsi qlaukoma, diabetik göz xəstəliyi və yaşa bağlı makulyar degenerasiya kimi xəstəlikləri simptomlar yaranmazdan əvvəl aşkarlamağın yeganə yoludur. Bu, həmçinin eynəklərin düzgün seçilməsini təmin edir.
Qoruyucu eynəklər idman, iş və ya riskli fəaliyyətlər zamanı xəsarətlərin qarşısını ala bilər. Adi plastik linzalardan daha möhkəm olan polikarbonat linzalara üstünlük vermək tövsiyə olunur.
Gün eynəkləri gözləri zərərli ultrabənövşəyi şüalardan qoruyur. 99–100 faiz UV-A və UV-B şüalarını bloklayan modelləri seçmək məsləhətdir. Bu, təkcə dəb deyil, həm də uzunmüddətli göz sağlamlığı üçün zəruridir.
Gözlərin dincəlməsi də vacibdir. 20-20-20 qaydasına əməl etmək tövsiyə olunur: hər 20 dəqiqədən bir 6 metr məsafədə olan obyektə 20 saniyə baxmaq. Xüsusilə ekran qarşısında çox vaxt keçirənlər üçün bu qayda faydalıdır.
Samir


