Stomatoloji xidmətlər nə üçün bahadır? – ŞOK SƏBƏBLƏR

SAĞLAMLIQ
18:59 / 06.03.2026
119

Son illərdə ölkəmizdə stomatoloji xidmətlərin qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. 

Bir zamanlar nisbətən əlçatan sayılan diş müalicəsi artıq bir çox vətəndaş üçün ciddi maliyyə yükünə çevrilib. Dişin çəkilməsi, müalicəsi, plomb qoyulması, habelə keramik və zirkon kimi müasir protezlərin hazırlanması üçün tələb olunan məbləğlər əvvəlki illərlə müqayisədə xeyli bahalaşıb. 
Bəzi hallarda sadə bir stomatoloji prosedurun belə yüksək qiymətə başa gəlməsi cəmiyyətdə narazılıq doğurur və insanların diş müalicəsini gecikdirməsinə səbəb olur. Eyni zamanda, özəl klinikaların sayının artması və xidmət keyfiyyəti uğrunda rəqabət də qiymət siyasətinə təsirsiz ötüşmür. 

Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında bildirib ki, hər il keçdikcə qiymətlərin yenilənməsi qaçılmaz prosesdir:

“Xidmət səviyyəsinin artması birbaşa qiymət artımına da təsir edir. Xüsusilə bura istifadə olunan material və keramika qiymətlərini də daxil etdikdə qiymət artımını təbii qarşılamaq mümkündür. Nəzərə almaq lazımdır ki, idxal materialları yerli materiallardan daha baha başa gəlir. Üstəlik dijital skanerlər, 3D yazıcılar, lazer sistemləri qiymətə birbaşa təsir edir. Lakin məsələni dərindən araşdıranda görürsən ki, cəmiyyətimizin hər sahəsində olduğu kimi bu sahədə də sui-istifadə edənlər, süni qiymət artımı üçün min yola baş vuranlar kifayət qədər çoxdur”.

393824

Ekspert qeyd edib ki, bir çox stomatoloji mərkəzlərdəki bahalı qiymət siyasətinə baxmayaraq, xidmət keyfiyyəti yerində sayır:

“Çünki pasiyentlərə münasibət, görülən iş, xüsusilə insan sağlamlığı üçün ən vacib amil sayılan stomatoloji alətlərin olduqca təmiz spirtlənməsi çox vaxt qulağardına vurulur. Məhz belə səhlənkarlıq üzündən hər il yüzlərlə insan Hepatit xəstəliklərinə düçar olur. Bu, sırf stomatoloji mərkəzlərdəki natəmizlik və səhlənkarlığa görə olur. Həmçinin, bir sıra stomatoloji mərkəzlər əhalini aldadaraq Almaniya, Koreya və digər inkişaf etmiş ölkələrin adından saxta iplantlar təklif edir. Üstəlik, bunların da qiymətini real göstəicidən qat-qat yüksək təyin edirlər. Yəni keyfiyyətli keramika və implant adı ilə əhalini aldadıb onlara baha qiymətə satırlar”.

Sosioloq fikirlərini belə yekunlaşdırıb: 

“Son bir neçə ildir ki, sertfikatı, tibbi dərəcəsi və təcrübəsi məlum olmayan “həkimlər” özəl stomatoloji qurumlar yaradıblar. Onlar, əsl bazar şəklində fəaliyyət göstərir, saxta “endirim kampaniyaları” təşkil edərək əhalini aldatmağa və cənginə keçirməyə çalışırlar. Burda dövlətin aidiyyatı qurumları birbaşa məsuliyyət daşıyırlar. Çünki insan sağlamlığı üçün çox əhəmiyyət daşıyan bu sahədəki xaos və dərəbəylik yüzlərlə insanın sağlamlığı üçün real təhlükədir”. 

Günel Cəlilova

0