“Bəzən insanlar yaxınlarını, valideynlərini, həyat yoldaşını və ya dostlarını tanımadıqlarını hiss edə bilirlər”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O, bunun psixoloji bir xəstəlik olduğunu söyləyib:
“Psixologiyada buna “Kapqras sindromu” deyirik. Bu, gözləmədiyimiz, amma beyinlə bağlı bir vəziyyətdir. Gözləriniz yaxınınızı görür, amma beyniniz onu tanıya bilmir. Nəticədə, sevdiyiniz insan yad və tanınmaz görünür. İnsan buna çox təəccüblənir, bəzən də qorxur”.
Ekspert qeyd edib ki, “Kapqras sindromu” nadir hallarda baş verir:
“Bu, bəzən ağır stress, emosional sarsıntılar, bəzən isə beyin zədələrilə əlaqəli olur. Lakin əslində sözügedən xəstəlik tamamilə öhdəsindən gəlinə bilən bir vəziyyətdir. Əsas odur ki, düzgün peşəkar yardım alıb, psixoterapiya ilə beyin və emosiyaları yenidən öyrənəsiniz. Yaxınlarınızla ünsiyyətinizi qorumalı və gündəlik rutinləri pozmamalısınız”.
Psixoloq bundan xilas yollarından da bəhs edib:
“Meditasiya, nəfəs məşqləri və yüngül idman “Kapqras sindromu”ndan xilas olmağa çox kömək edir. Düzdür, insan bu vəziyyətdə çaşqınlıq yaşayır. Lakin ən önəmlisi odur ki, hər şey bərpa oluna bilər. Unutmayın ki, sevdiklərinizi yenidən tanıyacaq, onlarla yaxınlığınızı geri gətirəcəksiniz. Ümumiyyətlə, “Kapqras sindromu” həyatın sonu deyil, doğru dəstək və səbrlə hər şey yenidən mümkündür”.
Pərviz



