İnsanlar müxtəlif xəstəliklərə qarşı şəfa tapmaq üçün dərman qəbul edirlər.
Lakin son zamanlar dərmanların keyfiyyəti ilə bağlı səslənən iddialar cəmiyyətdə narahatlıq yaratmaqdadır. Hazırda satışda olan dərmanların əksəriyyətinin keyfiyyətsiz olduğu və hətta xəstələri sağaltmadığı iddia edilir. Bütün bunlar dərmanların keyfiyyət məsələsini yenidən aktuallaşdırır...
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, dərmanların keyfiyyəti ilə bağlı ölkədə yayılan söz-söhbət əsassız deyil:
"Düzdür, Səhiyyə Nazirliyinin bu sahə ilə məşğul olan Analitik Ekspertiza Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəz öz işində kifayət qədər peşəkardır və həm mütəxəssisləri, həm də avadanlıqları ilə müsbət mənada seçilir. Buna baxmayaraq, müəyyən yollarla ölkəyə keyfiyyətsiz dərmanların daxil olması istisna edilmir. İstənilən halda bu məsələ ciddi şəkildə araşdırılmalıdır.
Əfsuslar olsun ki, dərmanların keyfiyyəti ilə bağlı problemlər bəzən həkim təyinatı olmadan, özbaşına istifadə zamanı da ortaya çıxır. Bu da öz növbəsində insanlarda yanlış nəticələrə səbəb olur. Hər halda, yayılan məlumatların reallıq dərəcəsi araşdırılmalıdır”.
Professorun sözlərinə görə, Azərbaycanda dərmanların dövlət reyestri ictimaiyyət üçün açıq olmalıdır:
"Hansı dərmanın haradan gətirildiyi, harada istehsal olunduğu və kim tərəfindən ölkəyə idxal edildiyi həmin reyestrdə göstərilməlidir. Bu isə məsuliyyət hissinin artmasına təsir edə bilər. Hazırda cəmiyyətdə müəyyən narahatlıq var, ancaq bu narahatlıq hələ ki, tam aradan qaldırılmayıb.
Problemin həlli üçün Dövlət Farmakopeyası, həmçinin dərman maddələrinin Dövlət Reyestrinin yaradılması məsələsi üzərində düşünmək lazımdır. Həmçinin, bəzi gündəlik istifadə olunan dərmanların Azərbaycanda istehsalı üçün şərait yaradılmalıdır”.
Günel Cəlilova

