“İnsanlar arasında bir sıra qəribə xəstəliklər var. Onlardan biri də “Trixotillomaniya”dır”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O, sözügedən xəstəlikdən bəhs edib:
“Trixotillomaniya insanın öz saçını, qaşını və ya kirpiklərini təkrar şəkildə yolmaq istəyi ilə özünü göstərən psixoloji pozuntudur. El arasında buna “saç yolma xəstəliyi” də deyilir. Əslində, bu davranış adətən insanın daxili gərginliyini azaltmaq və ya emosional rahatlıq hiss etmək üçün ortaya çıxır. Bir çox insan saçını yolduqdan sonra qısa müddətlik rahatlıq hiss edir, ancaq daha sonra peşmanlıq və utanc hissi yaşayır”.
Ekspert qeyd edib ki, bu problemin yaranmasına əsas səbəblərdən biri stress və daxili gərginlikdir:
“İnsan güclü narahatlıq, qorxu, təzyiq və ya emosional boşluq yaşadıqda bu davranışa yönələ bilər. Bəzi hallarda depressiya, təşviş pozuntuları və ya obsesiv kompulsiv davranışlarla da əlaqəli olur. Uşaqlıq travmaları, özünü dəyərsiz hiss etmə və emosiyaları düzgün ifadə edə bilməmək də trixotillomaniyanın yaranmasına təsir etməsi mümkündür. Bundan xilas olmaq üçün ilk növbədə insanın bu davranışın səbəbini anlamağı vacibdir. Stress və gərginliyi azaltmaq üçün psixoloji dəstək almaq, psixoloqla işləmək faydalı olur”.
Psixoloq vurğulayıb ki, insan saç yolmaq istəyi yarandıqda diqqətini başqa fəaliyyətə yönəltməyi öyrənməlidir:
“Məsələn, əlləri məşğul edən fəaliyyətlər, yazı yazmaq, rəsm çəkmək və ya stress topları istifadə etmək kömək edə bilər. Rahatlaşdırıcı nəfəs məşqləri və emosiyaları düzgün ifadə etməyi öyrənmək də bu davranışın azalmasına kömək edir. Ən vacib məsələ isə insanın özünü qınamamasıdır. Çünki bu davranış sadəcə iradə zəifliyi deyil, psixoloji səbəbləri olan bir problemdir. Düzgün psixoloji dəstək və öz üzərində işləmə ilə bu problemin öhdəsindən gəlmək mümkündür. Əgər bu problemdən qurtulmaqda çətinlik çəkirsinizsə, o zaman mütəxəssis dəstəyi ala bilərsiniz”.
Pərviz



