“Yumurta alarkən diqqətli olmaq və bəzi məqamlara fikir vermək lazımdır”.
Bu sözləri qida eksperti İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O, yumurta alarkən nələrə diqqət etməli olduğumuzdan bəhs edib:
“Yumurta alanda birinci növbədə onun üzərindəki etiketlənməyə fikir vermək lazımdır. Çünki müxtəlif etiketlənmə ola bilər. Məsələn, Hacıqabul, Giləzi və yaxud da digər fabrikin adı yazılır. Burada birinci məsələ etiketləmə məsələsində yumurtanın istehsal və son tarix məsələsidir. Bu da yumurtanın və ya qablaşdırmasının üzərində ola bilər. Unutmayın, istehsal, son tarix və istehsalçı kodu mütləq şəkildə olmalıdır”.
Ekspert alıcılara tövsiyə də verib:
“Üzərində heç bir markalanması olmayan yumurtaları qətiyyən almayın. Çünki bu cür yumurtaların hansı fabrikdən, hansı istehsalçıdan gəldiyi məlum deyil. Yalnız və yalnız müxtəlif bir və iki qəpik ucuz qiymətlə təklif olunur. Bunları alan alıcılar isə sonda narazı qalırlar.
Bundan başqa, yumurtanın qabığına da fikir vermək lazımdır. Əgər qabığı çatdırsa, artıq burada salmonellanın inkişaf etməsi məsələsi özünü qabarıq şəkildə büruzə verməlidir. Hər bir alıcı bilməlidir ki, çat yumurta mikroorqanizmlərin yığılması üçün şəraitdir. Yumurtada hansısa bir çat və qırıq olarsa, onun istifadəsi yolverilməzdir. Üstəlik, qırıq yumurtaların satışına da icazə verilmir”.
Mütəxəssis qeyd edib ki, bəzən “kənd yumurtası” adı ilə satılan yumurtalar kənd yumurtası olmur:
“Bəzi mağazalar yumurtanın çirkli olmasından və sarılığından istifadə edərək adını “kənd yumurtası” qoyub satırlar. Bu da istehlakçıların aldadılması deməkdir və məsuliyyət yaradır. Ümumiyyətlə, çirkli yumurtanın alınması gigiyenik baxımdan da düzgün deyil..
Həmçinin, yumurtanın keyfiyyətini də fikir verməliyik. Yumurtanı sındırarkən sarısı daha qabarıq, ağı isə dağılmış formada olmamalıdır. Əgər yumurtadan hansısa bir pis qoxu və ya bulanıqlıq hiss olunar, pis qoxu gələrsə, yumurtanın istifadə olunması qətiyyən yolverilməzdir”.
Pərviz



