Evdə bişirilən yeməkləri neçə gün saxlamaq olar?

SAĞLAMLIQ
13:18 / 11.03.2026
47

Evdə bişirilən yeməklərin saxlanma qaydası və müddəti uzun illərdir müzakirə olunan mövzular sırasındadır.

Çünki bəzi xanımlara yeməyi çox bişirirlər. Nəticədə, həmin yemək bir neçə gün istifadə olunur. Bu isə yeməyin dəfələrlə isinməsi deməkdir. 

Bəs bunun sağlamlığımız üçün fəsadları varmı?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib ki, sağlam qidalanmanın əsas şərtlərindən biri yeməklərin sadəcə istifadə olunacaq qədər bişirilməsidir:

394142

"Əslində, yeməyin bişirildiyi gün yeyilib qurtarması daha yaxşıdır. Çünki bu halda həmin qidaların qida dəyəri də daha yüksək olur. Lakin bir çox hallarda evdə bir neçə növ yemək hazırlanır və bu təamlar günlərlə soyuducuda saxlanılır. Təəssüflər olsun ki, bəziləri ev şəraitində keyfiyyətli xammaldan hazırlanan qidaların günlərlə keyfiyyətini qoruduğunu düşünürlər. Bu isə tamamilə yanlışdır. Nəzərə almaq lazımdır ki, yeməyi bişdikdən sonra cəmi bir dəfə isitmək tövsiyə olunur. Bişirilmiş yeməklər maksimum 2 saat ərzində soyuducuya yerləşdirilməlidir".

Ekspert qeyd edib ki, yemək dəfələrlə qızdırılanda və temperatur rejimi tez-tez dəyişəndə, qidanın tərkibində bakteriyaların yaranması üçün əlverişli şərait formalaşır:

"Bu isə öz növbəsində qidanın tərkibinin dəyişməsinə, toksik maddələrin yaranmasına gətirib çıxarır. Nəticədə, zəhərlənmə halları baş verə bilir. Xüsusən də düyü və paxlalı məhsullarda yaranan basillus bakteriyası kifayət qədər təhlükəli sayılır. Belə qidaları qəbul edənlərdə ürəkbulanma, ishal, bağırsaq və qarın nahiyəsində ağrılar müşahidə olunur. Hansı ki, bunların hər biri zəhərlənmənin əsas əlamətləridir. Eyni zamanda, ət məhsullarında da salmonella və digər bakteriyaların yaranma riski mövcuddur".

Həmsöhbətimiz diqqətə çatdırıb, yemək bir neçə dəfə isidiləndə qida dəyəri və tərkibindəki vitaminlərin miqdarı azalır:

"Xüsusilə B və C vitaminləri daha tez itir. Həmçinin, xroniki xəstəlikləri olan şəxslər köhnə qidaları qəbul etdikdə həzm problemləri ilə qarşılaşa bilərlər. Ümumiyyətlə, qidalar mümkün qədər istehlak ediləcək qədər hazırlanmalıdır. Əgər yemək bir neçə gün saxlanılacaqsa, düzgün şəkildə, ağzı bağlı qabda və təxminən 4 dərəcə temperaturda soyuducuda saxlanılmalıdır. 

Lakin sulu yeməkləri 3-4 gün saxlamaq olar. Balıq və toyuq yeməkləri isə yüksək risk qrupuna aid olduğu üçün onların maksimum 1-2 gün saxlanılması məsləhətdir. Hamilə qadınlar, süd verən analar, yaşlı insanlar və xroniki xəstəlikləri olanlar risk qrupuna daxil olduqlarına görə həmişə təzə qida qəbul etməlidirlər".
 
Günel Cəlilova

0