Uzunmüddətli klinik tədqiqat göstərib ki, müntəzəm multivitamin qəbulu bioloji yaşlanmanı yavaşlada bilər. ABŞ alimləri təxminən min yaşlı iştirakçının məlumatlarını təhlil edərək bu nəticəyə gəliblər.
HİT.az xəbər verir ki, tədiqat "Nature Medicine" jurnalında dərc olunub.
Son illərdə alimlər arasında vitamin əlavələrinin faydası ilə bağlı fəal müzakirələr gedir. Bazarda 100 mindən çox müxtəlif qida əlavəsi mövcuddur, lakin onların ömür uzunluğuna təsiri hələ də mübahisəlidir. Bəzi tədqiqatlar göstərir ki, vitaminlər ömrü uzatmasa da, yaşlı yaşlarda sağlamlıq üçün müəyyən fayda verə bilər.
"COcoa Supplement and Multivitamin Outcomes Study" (COSMOS) layihəsi çərçivəsində təxminən 1000 iştirakçı (orta yaş ~70) izlənilib. Könüllülər təsadüfi şəkildə qruplara bölünüb: biri hər gün multivitamin-mineral kompleksi qəbul edib, digəri kakao-flavanol ekstraktı, üçüncüsü isə plasebo alıb.
İki il sonra iştirakçıların bioloji yaşlanması epigenetik “saatlar” vasitəsilə – DNT-dəki dəyişikliklər əsasında qiymətləndirilib.
Multivitamin qəbul edənlərdə yaşlanmanın yavaşladığı müşahidə olunub. PCPhenoAge və PCGrimAge epigenetik modellərinə görə bioloji yaşın azalması təxminən ildə 0,214 və 0,113 il olub.
Əlavə olaraq, multivitamin qəbul edənlərin iltihab göstəriciləri və kognitiv funksiyaları yaxşılaşıb. Xüsusilə, tədqiqat başlanmazdan əvvəl bioloji yaşlanma sürəti yüksək olanlarda təsir daha aydın görünüb; bu, multivitaminlərin gizli qida çatışmazlıqlarını doldurmağa kömək etdiyini göstərir.
Alimlər nəticələri ehtiyatla şərh etməyi tövsiyə edirlər. Epigenetik markerlərdəki dəyişikliklər ümidverici olsa da, uzunmüddətli perspektivdə ömrün uzanıb-uzanmayacağı və sağlamlığın yaxşılaşıb-yaxşılaşmayacağı hələ məlum deyil.
Samir


