Son dövrlər artıq çəki ilə mübarizədə cərrahi üsullara maraq xeyli artıb.
Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da mədə kiçiltmə əməliyyatına üz tutanların sayı getdikcə çoxalır. Bəziləri tərəfindən pəhriz saxlamaq və müntəzəm fiziki aktivliklə çəki azaltmaq əvəzinə, bıçaq altına uzanmaq daha məqbul hesab edilir.
Maraqlıdır, mədə kiçiltmə əməliyyatının hansı ciddi riskləri var? Ümumiyyətlə, bu əməliyyatı düşününlər nələrə diqqət etməlidirlər?
Tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, mədə kiçiltmə əməliyyatı olduqca riskli əməliyyatdır, hər artıq çəkidən əziyyət çəkən şəxsə şamil olunmur:

"Yalnız piylənmə yüksək dərəcədə olarsa, onda bu əməliyyatı etmək olar. Ümumiyyətlə, mədə kiçiltmə əməliyyatı yalnız adi pəhriz və dieta saxlayaraq çəki itirə bilməyənlər üçün nəzərdə tutulur. Belə hallarda mədə artıq normadan xeyli genişlənir və yalnız qida qəbulunu məhdudlaşdırmaqla arıqlamaq mümkün olmur".
Ekspert qeyd edib ki, əməliyyat isə orqanizmə ciddi təsir göstərmir və mühüm fəsadlara səbəb olmur:
"Əksinə, əməliyyatdan sonra xəstənin bədəni tədricən arıqlayır, artıq çəkidən azad olur və düzgün qidalanma ilə sağlam həyat tərzini mənimsəyir. Bu, xəstəyə həm fiziki, həm də psixoloji olaraq yeni enerji və həyat keyfiyyəti qazandırır".
Günel Cəlilova


