“Alisa möcüzələr diyarında” sindromundan necə xilas olaq?

SAĞLAMLIQ
12:00 / 16.03.2026
131

“Bəzi insanlar birdən-birə dünyanın ölçüsünü dəyişdiyini zənn edirlər”.

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu bir sindromdur:


“Bu sindromu yaşayan şəxslər üçün sanki otaqdakı əşyalar çox uzaqdan baxılırmış kimi balacalaşır, bəzən isə əksinə, həddindən artıq böyük və yaxın görünür. Hətta bu zaman insan öz əllərinin, ayaqlarının və ya bədəninin formasının dəyişdiyini, uzandığını və ya qısaldığını hiss edə bilər. Bu hisslər o qədər inandırıcı olur ki, insan bir anlıq reallıqdan qopmuş kimi yaşayır”.

Ekspert qeyd edib ki, psixologiya və nevrologiyada bu hal “Alisa möcüzələr diyarında” sindromu kimi tanınır:
“Sindromun adı məşhur “Alisa möcüzələr diyarında” əsərindən götürülüb. Həmin hekayədə qəhrəman Alisa bəzən kiçilir, bəzən isə böyüyür. Yəni bu sindromu yaşayan insanların qavrayışına bənzər bir vəziyyətdir. Bu sindrom zamanı beynin görmə və məkan qavrayışı ilə bağlı sahələri informasiyanı düzgün emal etmir. Nəticədə, insan ətraf mühiti olduğu kimi deyil, dəyişmiş ölçülərdə qəbul edir. Məsələn, obyektlərin çox kiçik görünməsi mikropsiya, çox böyük görünməsi isə makropsiya adlanır. Bəzi hallarda isə insan öz bədəninin ölçüsünü və formasını fərqli hiss edə bilir”.

Mütəxəssisin sözlərinə görə, adətən bu epizodlar qısa müddət davam edir və çox vaxt miqren, bəzi nevroloji vəziyyətlər, güclü yorğunluq və ya stresslə əlaqəli olur:
“Sözügedən sindrom daha çox uşaqlarda və yeniyetmələrdə rast gəlinməsi müşahidə olunur. Əksər hallarda təhlükəli deyil, sadəcə beynin qavrayış sistemində müvəqqəti dəyişiklik kimi ortaya çıxır. Bu sindrom bizə bir şeyi xatırladır: reallıq hər zaman dəyişmir. Bəzən dəyişən sadəcə beynimizin dünyanı necə gördüyüdür. Belə hallarda mütləq mütəxəssisə müraciət etmək tövsiyə olunur. Xüsusilə nevroloq və ya psixiatr müayinəsi vacibdir, çünki bu vəziyyət bəzi hallarda miqren, güclü yorğunluq, yuxu pozuntusu və ya digər nevroloji faktorlarla əlaqəli ola bilər”.

Ülviyyə Ağazadə sözlərini belə yekunlaşdırıb:
“Yuxu rejiminin düzəldilməsi və kifayət qədər istirahət etmək də çox önəmlidir. Beyin həddindən artıq yorulduqda qavrayış prosesində müvəqqəti dəyişikliklər yarana bilər. Stress və emosional gərginliyin azaldılması da epizodların daha az baş verməsinə köməklik göstərər”.

Pərviz

0