Çin və ABŞ-dan olan alimlər çayın sağlamlığa təsiri ilə bağlı mövcud məlumatları təhlil edərək yeni araşdırma aparıblar.
HİT.Az xəbər verir ki, "Health" nəşrinin məlumatına görə, çay ən faydalı içkilərdən biri hesab oluna bilər, lakin bunun üçün onu düzgün seçmək vacibdir.
"Beverage Plant Research" jurnalında dərc edilən son tədqiqat icmalı göstərib ki, butulkada satılan çay və ya "bubble tea" təbii çayın faydalı xüsusiyyətlərini azalda və hətta ürək-damar xəstəlikləri, piylənmə və 2-ci tip diabet kimi xroniki xəstəliklərin riskini artıra bilər.
Araşdırmanı aparmaq üçün Çin və ABŞ alimləri çayın sağlamlığa təsiri barədə mövcud elmi məlumatları birgə təhlil ediblər. Onlar həm insanlar üzərində aparılan tədqiqatlara, həm də heyvanlar üzərində həyata keçirilmiş elmi işlərin nəticələrinə əsaslanıblar.
Məqalədə qeyd olunur ki, alimlər əsasən yaşıl və qara çaya diqqət yetiriblər. Bununla yanaşı, daha az istifadə olunan sarı çay, "ulun" və tünd (fermentləşdirilmiş) çay növləri də araşdırılıb.
Nəticələr göstərib ki, çay istehlakı ilə bir sıra xroniki xəstəliklərin inkişaf riskinin azalması arasında sabit əlaqə mövcuddur.
Özəl praktika ilə məşğul olan diyetoloq Van Na Çunun sözlərinə görə, icmalın əsaslandığı tədqiqatlar kifayət qədər inandırıcıdır və böyük perspektiv kohort tədqiqatları, eləcə də randomizə olunmuş klinik sınaqları əhatə edir. Bu araşdırmalar çayın ürək-damar xəstəliklərinin, piylənmənin, diabetin və bəzi xərçəng növlərinin qarşısının alınmasında potensial faydasını göstərir.
Bununla belə, alimlər vurğulayırlar ki, sağlamlıq üçün potensial fayda çayın hazırlanma üsulundan da asılıdır.
Təzə dəmlənmiş çaydan fərqli olaraq, butulkada satılan çay və ya tərkibində tapioka kürəcikləri, süd, aromatlandırıcılar və konservantlar olan "bubble tea" eyni dərəcədə faydalı hesab olunmur.
Tədqiqatçılar bildirirlər ki, butulka çayının istehsalı zamanı yüksək temperaturda sterilizasiya bəzi antioksidantların miqdarını azaldır. Bu maddələr hüceyrələrə zərər verən sərbəst radikalları zərərsizləşdirməyə kömək edir.
Funksional diyetoloq Cennifer Byankinin sözlərinə görə, bu antioksidant birləşmələr iltihab əleyhinə təsir göstərir və ürək-metabolik sağlamlıq üçün faydalıdır.
Bununla belə, araşdırmada antioksidantların azalmasının uzunmüddətli sağlamlıq nəticələrinə nə dərəcədə təsir etdiyi dəqiq qiymətləndirilməyib.
Alimlər həmçinin bildirirlər ki, butulka çayı və "bubble tea" adətən çayın faydalı xüsusiyyətlərini azalda bilən və ya kölgədə qoya bilən əlavə maddələr ehtiva edir. Bunlara rəngləndiricilər, süni şirinləşdiricilər və saxaroza və yüksək fruktozalı qarğıdalı siropu kimi əlavə şəkərlər daxildir.
Van Na Çunun sözlərinə görə, əlavə şəkərlərin həddindən artıq qəbulu qan şəkərinin səviyyəsini yüksəldə və zamanla ürək xəstəlikləri, 2-ci tip diabet və piylənmə riskini artıra bilər.
Bundan başqa, "bubble tea" tərkibində toz çay ekstraktı və süd əvəzediciləri də ola bilər ki, bu da doymuş yağların miqdarını artırır. Amerika Kardiologiya Assosiasiyası bu cür yağların istehlakını məhdudlaşdırmağı tövsiyə edir, çünki onların artıq qəbulu ürək-damar xəstəlikləri riskini artırır.
Ekspertlər butulka çayı və "bubble tea" içkilərindən tamamilə imtina etməyi tələb etmirlər, lakin onları daha nadir hallarda içməyi məsləhət görürlər. Gündəlik istifadə üçün isə təzə dəmlənmiş çay daha faydalı hesab olunur.
Antioksidant xüsusiyyətlərdən maksimum faydalanmaq üçün Van Na Çun evdə dəmlənmiş, şəkərsiz yaşıl və ya qara çay içməyi tövsiyə edir.
Diyetoloqun sözlərinə görə, çayı qaynar deyil, isti su ilə dəmləmək və 3–5 dəqiqə saxlayaraq faydalı polifenolların ayrılmasına imkan vermək lazımdır. Bu üsul içkinin həddindən artıq acı olmasının da qarşısını alır.
Samir


