Məlum olduğu kimi, ötən həftə Bakıda fəaliyyət göstərən estetik klinikalardan birində özünü bioenerji ilə müalicə aparan şəxs kimi tanıdan əcnəbi saxlanılıb.
O, insanlara sadəcə əl toxunuşu ilə müxtəlif xəstəliklərin müalicə oluna biləcəyini iddia edirmiş. Bu hadisə bir daha bəzi məsələləri gündəmə gətitib. Deməli, hələ də cəmiyyətdə elmi əsası olmayan müalicə üsullarına inananlar var. Əlbəttə ki, bu da birmənalı qarşılanan bir hal deyil.
Görəsən, nə üçün bəzi şəxslər hələ də bu cür vədlərə inanaraq sağalacaqlarını düşünürlər?
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, insanların bu cür şəxslərə inanması yeni hal deyil:
“Məlumatı məhdud olan insanlar belə iddialara daha tez inanırlar. Nəticə etibarilə, bəzi şəxslərin düşüncəsindən, istifadə edən bu cür şəxslər reklam və təbliğat üsulları ilə insanları aldatmağa çalışırlar. Lakin düşünürəm ki, bu məsələ nəzarətə götürülməlidir.
Məncə, ölkədə müalicə vasitələrinin vahid reyestri olmalıdır. Yəni Azərbaycan ərazisində hansı müalicə vasitələrinin aparılmasına icazə verildiyini hamı bilməlidir. Həmçinin, başqa ölkədən gəlib Azərbaycan ərazisində işləyən şəxslərə də xüsusi lisenziya verilməlidir. Əgər bu addımlar atılarsa, istənilən xarici həkim hansısa klinikada sərbəst fəaliyyət göstərə bilər”.
Həmsöhbətimizin sözlərinə görə, elmi tibbdə bioenerji və ona oxşar avantürist metodlar qəti şəkildə qəbul olunmur:
“Ümumiyyətlə, xəstəliyin diaqnostikası xəstəyə görə dəyişir. Bu cür metodlar isə sadəcə insanları aldatmaqdır”.
Günel Cəlilova



