Nə üçün psixoloqların əksəriyyəti boşanıb?

SAĞLAMLIQ
12:00 / 18.03.2026
147

“Cəmiyyətdə psixoloqlarla bağlı yaranan mənfi fikirlərin bir səbəbi də onların son illərdə sosial şəbəkələrdə daha çox görünməsidir”. 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O, cəmiyyətin psixoloqlara münasibətinin birmənalı olmaması barədə danışıb:


“Bəzən psixoloq peşəkar mövqedən çıxaraq bloger kimi davrananda, şəxsi həyatını detallı şəkildə paylaşanda insanlar onun peşəkarlığını şəxsi həyatı ilə ölçməyə başlayırlar. Bu isə yanlış müqayisələrə və tənqidlərə yol açır. Əslində, bu tənqidlərin olmasında “psixoloqların” rolu böyükdür. Kurs bitirən, natamamlıq kompleksindən əziyyət çəkən özünü “psixoloq” və ya “yaşam koçu” adlandıranlar insanların diqqətini çəkmək, məşhur olmaq, eləcə də pasiyent qazanmaq üçün dəridən qabıqdan çıxaraq, trendlərə qoşulurlar. Faktiki olaraq, özlərini bloger kimi aparırlar. Bu sosial şəbəkədə “tanınan” “psixoloqlar” sahəsinin peşəkarı kimi yox, bloger kimi ona-buna söz ataraq tanınırlar. Həqiqi psixoloq o şəxsdir ki, trendlərlə, şəxsi həyatı ilə yox, işi və peşəkarlığı ilə tanınsın”.

Ekspert qeyd edib ki, psixoloq ilk növbədə peşəkar olmalıdır, bloger deyil:
“Onun əsas vəzifəsi pasiyentin problemlərini anlamaq, etik çərçivədə kömək etmək və məxfiliyi qorumaqdır. Necə ki, psixoloq pasiyentin həyatını, sirrini, travmasını gizli saxlayır, eyni prinsip müəyyən mənada onun öz həyatına da aid olmalıdır. Bu o demək deyil ki, psixoloq heç vaxt şəxsi fikirlərini bölüşməməlidir. Lakin hər addımını, münasibətlərini, ailə həyatını nümayiş etdirmək peşəkar sərhədləri zəiflədir. Çünki pasiyent psixoloqa müraciət edəndə onun şəxsi həyatını yox, peşəkar bacarığını görmək istəyir. Əgər psixoloq öz həyatını həddindən artıq ön plana çıxarırsa, bu zaman rol qarışması baş verir və o artıq həm mütəxəssis, həm də ictimai fiqur kimi qəbul olunur. Bu isə öz növbəsində etibarın istiqamətini dəyişə bilir”.

Lakin həmsöhbətimiz cəmiyyətin boşanmış psixoloqlara münasibətinin birmənalı olmamasına da münasibət bildirib:
“Psixoloqun boşanmış olub-olmaması onun məsləhət vermə qabiliyyətini müəyyən etmir. Lakin şəxsi həyatın həddindən artıq nümayişi insanların diqqətini məhz bu məqamlara yönəldir. Nəticədə, peşəkar kimlik arxa plana keçir. Əslində, problem psixoloqun boşanması deyil, peşəkar sərhədlərin necə qorunmasıdır. Psixoloq öz rolunu dəqiq müəyyən etdikdə etik prinsiplərə sadiq qaldıqda və şəxsi həyatını ölçülü şəkildə paylaşdıqda cəmiyyətin də ona yanaşması daha sağlam və hörmətli olur. Onun gücü şəxsi həyatını göstərməkdə yox, başqalarının həyatına düzgün şəkildə toxuna bilməsindədir”.

Pərviz

0