Həkimdən çox yatan insanlara XƏBƏRDARLIQ

SAĞLAMLIQ
12:45 / 18.03.2026
151

Yuxu insan sağlamlığında çox önəmli rol oynayır. 

Hər insan gün ərzində ən azı 8 saat yatmalıdır. Lakin bəzi insanlar normadan çox yatmağı sevir. Məsələn, 10-12 saat yuxuda olan şəxslər də var. Hətta bəzi insanlar günün əksər hissəsi yataraq keçirirlər. 

Bəs həddindən artıq yatmağın insan sağlamlığına nə kimi riskləri var?

Mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, insanların yuxuya olan ehtiyacı onların yaş xüsusiyyətlərinə görə dəyişir:

“İnsan beynində elə mexanizmlər mövcuddur ki, onlar həm fəaliyyəti tənzimləyir, həm də yorğunluq yaradaraq yuxu ehtiyacını artırır. Gənc yaşlarda sinir sisteminin aktivliyi daha yüksək olur. Həmçinin, beyində serotonin maddəsi daha çox olur ki, bu da yuxuya meyli artırır. Melatonin hormonu isə əsasən gecə saat 12-dən səhər 5-ə qədər ifraz olunur və insanın daha keyfiyyətli yuxuya getməsinə səbəb olur. Bu hormonun təsiri ilə yaranan yuxu orqanizm üçün ən faydalı hesab edilir. Ümumiyyətlə, insan səhər yuxudan gümrah oyanırsa, bu da məhz melatoninin təsiri ilə bağlıdır. Lakin səhər saat 5-dən sonra isə serotonin yenidən ifraz olunmağa başlayır”.

394790

Həmsöhbətimizin sözlərinə görə, həddindən artıq yatmaq birbaşa ciddi fəsad yaratmasa da, orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər: 

“Çox yatmağın ürək-damar sisteminin fəaliyyətinə də müəyyən təsirlər göstərmə ehtimalı var. Hansı ki, bu təsirlər dərhal deyil, müəyyən müddət keçdikdən sonra özünü büruzə verməyə başlayır. Hər bir halda, insanların sağlam qalması üçün düzgün həyat tərzinə riayət etməsi olduqca vacibdir”.

Günel Cəlilova

0