Dərman vasitələrinin idxal olunduğu ölkələri sıralayan zaman ilk beşlikdə Türkiyə, Almaniya, Fransa, Rusiya və İtaliyanın yer aldığı müəyyən edilib. Modern.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov bildirib. O qeyd edib ki, aparılmış məlumat analizlərinə əsasən ötən il ərzində müxtəlif xarici ölkələrdən respublikamıza ümumi miqdarı təqribən 196 milyon qutu dərman vasitəsi idxal edilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 11,3 milyon manat dəyərində dərman istehsal edilib. Azərbaycanda bir neçə əczaçılıq istehsalatı quraşdırılır. Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazir vurğulayıb ki, layihəyə görə, burada dərman vasitələrinin hazırlanması nəzərdə tutulur. Yeri gəlmişkən, Azərbaycanda istehsal edilən dərmanların siyahısı da yayılmışdı.
Mütəxəssislərə görə, Azərbaycanda dərman istehsalına başlanılması bizə bir çox üstünlüklər qazandıracaq: dərmanlar ölkə daxilində yüksək keyfiyyət və müvafiq standartlara uyğun şəkildə istehsal olunacaq, əhalinin istənilən təbəqəsi üçün əlçatan olacaq, gözlənilməz pandemiyalar zamanı kifayət qədər ehtiyat dərman bazası olacaq və ən əsası yüksək keyfiyyət, sərfəli qiymətlə təklif olunacaq.
Eyni zamanda ölkə daxilində istehsal edilən dərmanların “Made in Azərbaycan” brendi altında digər ölkələrə ixracı və tanınması da iqtisadi baxımdan kifayət qədər uğurlu olacaq.
Amma xarici ölkələrdən asılılığı azaltmaq üçün hansı işlər görülməlidir?
Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Çünki dərman vasitələrinin çeşidi son dərəcə genişdir və Azərbaycan kimi təxminən 10 milyon əhalisi olan bir ölkə üçün bütün bu spektri daxildə istehsal etmək həm iqtisadi, həm də texnoloji baxımdan məqsədəuyğun deyil. Daha doğru yanaşma ondan ibarətdir ki, ölkə daxilində daha çox tələbat olan, strateji əhəmiyyət daşıyan və geniş istifadə edilən dərmanların istehsalına üstünlük verilsin. Bu zaman həmin dərmanların keyfiyyəti yüksək olmalı, beynəlxalq standartlara cavab verməli və qiymət baxımından əhali üçün əlçatan olmalıdır. Yalnız bu halda yerli istehsal real alternativə çevrilə və insanlar tərəfindən xarici brendlərlə müqayisədə üstün tutula bilər.
Eyni zamanda yerli istehsalın iqtisadi cəhətdən səmərəli olması üçün onun yalnız daxili bazarla məhdudlaşmaması vacibdir. “Made in Azerbaijan” brendi altında istehsal olunan dərmanların xarici bazarlara çıxışı təmin edilməlidir. Əks halda, kiçik bazar həcmi səbəbindən bu sahəyə qoyulan investisiyalar gözləniləndən daha artıq xərc tələb edə və özünü doğrultmaya bilər. İxrac imkanlarının genişləndirilməsi isə həm istehsalın davamlılığını təmin edər, həm də ölkəyə əlavə valyuta axını yaradar.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, dərman vasitələrinin idxalı bütün dünyada geniş yayılmış praktikadır. Heç bir ölkə bütün dərman növlərini tam şəkildə özü istehsal etmir. Bəzi dərmanların istehsalı yüksək texnologiya, böyük maliyyə resursları və geniş bazar tələb edir. Bu səbəbdən bir sıra dərmanların müəyyən ölkələrdə istehsal olunaraq digər ölkələrə ixrac edilməsi qlobal əməkdaşlığın təbii nəticəsidir".
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
İqtisadçı Eldəniz Əmirov qeyd edib ki, xarici ölkələrdən asılılığın azaldılması üçün təbii olaraq ilk növbədə yerli istehsalın qurulması zəruridir: “Əsas sual isə budur: yerli istehsalı necə formalaşdırmaq olar? Bu məsələ təkcə dərman sektoruna aid deyil, istənilən məhsul üzrə idxaldan asılılığı azaltmağın yeganə real yolu məhz daxili istehsalın təmin olunmasıdır. Lakin bu prosesin necə həyata keçirilməsi xüsusi yanaşma və mərhələli strategiya tələb edir. Hesab edirəm ki, Azərbaycan reallığında bu istiqamətdə bir neçə paralel yol izlənilə bilər və ilkin mərhələdə bunlar daha çox "başlanğıc gücü" rolunu oynamalıdır. Çünki qısa və orta müddətdə ölkədə böyük miqyaslı, tam dövriyyəli dərman istehsalının qurulması real görünmür. Bu, həm yüksək texnologiya, həm ciddi investisiya, həm də uzunmüddətli elmi baza tələb edən sahədir. Ona görə də dərhal kütləvi istehsalla idxaldan asılılığı minimuma endirmək Azərbaycan kimi bazar həcmi məhdud olan ölkə üçün çətin görünür".
İqtisadçı vurğulayıb ki, bununla belə, çıxış yolları mövcuddur: “İlk növbədə, müxtəlif ölkələrlə, xüsusilə Türkiyə ilə birgə müəssisələrin yaradılması daha real və praktik variant kimi görünür. Hindistan da dərman sənayesində böyük oyunçudur, lakin coğrafi, logistik və digər amillər baxımından Türkiyə şirkətləri ilə əməkdaşlıq daha əlçatan və effektiv ola bilər. Bu cür ortaq müəssisələr vasitəsilə həm texnologiya transferi baş verər, həm də yerli kadr potensialı formalaşar.
Digər bir istiqamət isə artıq bəzi sahələrdə tətbiq olunan modelin dərman sektoruna da gətirilməsidir. Bu modelə əsasən, məhsullar xaricdən gətirilir, lakin ölkə daxilində qablaşdırılır və müəyyən emal prosesindən keçirilərək yerli məhsul kimi bazara çıxarılır. Dərman sahəsində bu yanaşma daha həssas olduğuna görə, əlbəttə ki, ciddi nəzarət, keyfiyyət standartları və güclü monitorinq mexanizmləri tələb edir. İnzibati nəzarət sisteminin gücləndirilməsi burada əsas şərtlərdən biridir. Ümumilikdə isə bu sahə dövlətin iqtisadiyyata daha aktiv müdaxilə etməli olduğu strateji istiqamətlərdən biridir. Çünki burada təkcə iqtisadi maraqlar deyil, həm də tibbi, sosial və ekoloji faktorlar mövcuddur. Ən əsası isə insan amili - vətəndaşların sağlamlığı dayanır. Dərman təminatı hər bir ölkənin milli təhlükəsizliyi ilə birbaşa bağlı olan məsələdir və bu baxımdan dövlətin rolu həlledicidir".
Eldəniz Əmirov həmçinin qeyd edib ki, nəzərə almaq lazımdır ki, Azərbaycan böyük bazara malik ölkə deyil, bu səbəbdən burada qurulacaq istənilən dərman istehsalı müəssisəsi yalnız daxili bazara hesablanarsa, uzunmüddətli perspektivdə dayanıqlı ola bilməz: “Belə müəssisələr mütləq ixracyönümlü strategiya əsasında fəaliyyət göstərməlidir. İxrac potensialı nəzərə alınmadan qurulan istehsal sahəsi ya subsidiyalardan asılı vəziyyətə düşəcək, ya da, ümumiyyətlə, rəqabətə davam gətirməyəcək.
İxraca yönəlmək isə artıq daha ciddi tələblər deməkdir. Bu, beynəlxalq standartlara uyğun istehsal, yüksək keyfiyyət, sertifikatlaşdırma və müasir texnologiyaların tətbiqi deməkdir. Yəni yerli istehsal, sadəcə, “istehsal etmək” deyil, həm də qlobal bazarda rəqabətə davam gətirə biləcək məhsul ortaya qoymaq anlamına gəlir.
Bu gün müşahidə etdiyimiz reallıq isə ondan ibarətdir ki, Azərbaycanda satılan bir çox dərman preparatları istehsal olunduqları ölkələrlə müqayisədə dəfələrlə baha qiymətə təklif olunur. Eyni dərmanı Türkiyədə daha ucuz qiymətə əldə etmək mümkün olduğu halda, yerli bazarda onun daha bahalı olması idxaldan asılılığın və bazar mexanizmlərinin yetərincə effektiv işləməməsinin göstəricisidir. Bu fakt eyni zamanda onu da izah edir ki, niyə uzun illərdir dərman təminatında xarici asılılıq aradan qalxmır. Əgər bu məsələyə kompleks və sistemli şəkildə yanaşılsa, daha ciddi və ardıcıl addımlar atılsa, hesab edirəm ki, Azərbaycan ilkin mərhələdə daxili tələbatın müəyyən hissəsini - məsələn, beşdə birini, daha sonra isə dörddə birini - yerli istehsal hesabına qarşılaya bilər. Bu proses mərhələli şəkildə 3-5 il ərzində genişləndirilə və daha ciddi nəticələr verə bilər. Lakin bir məqamı da unutmaq olmaz: heç bir ölkə dərman tələbatını tam şəkildə daxili istehsal hesabına qarşılamır və bu, iqtisadi baxımdan da məqsədəuyğun deyil. Çünki hər ölkə müəyyən istiqamətlər üzrə ixtisaslaşır, daha keyfiyyətli və daha səmərəli məhsullar istehsal edir".


