“Təəssüf ki, bəzi insanlar etdikləri yaxşılığın qarşılığında gözlənilməz şəkildə pisliklər görürlər”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bunun bir neçə səbəbi var:
“İnsanların etdiyi yaxşılığın qarşılığında gözlənilməz şəkildə pislik görməsinin bir neçə psixoloji və sosial faktoru var. Bunlardan da biri gözləntidir. Yəni insan yaxşılıq edərkən çox vaxt bunun qarşılığını gözləyir və qarşılıq olmadığı zaman neqativ bir münasibət gördükdə psixoloji olaraq çox ağır yara almış kimi hiss edir.
Həmin an təkcə daxili gözləntilərimiz deyil, problem qarşı tərəfin davranışı ilə də nəticələnir. Belə ki, həm qarşı tərəfin davranışı, həm də bizim daxili gözləntilərimiz buna səbəb olur. Biz gözləyirik ki, qarşı tərəf etdiyimiz yaxşılığa uyğun addımlar atsın. Daxili dünyamızda bunu düşünürük və gözləntilərimizin qarşılığını görmədiyimiz zaman özümüzü çox pis hiss edirik”.
Ekspertin sözlərinə görə, insanların fərqli dəyərlərə sahib olması da səbəblər sırasındadır:
“Hər insan fərqli xasiyyətdə, xarakterdə, mədəniyyətdə və mühitdə böyüyür. Üstəlik, hər insanın psixologiyası da fərqli şəkildədir. Hər adam fərqli düşüncədən, emosiyalardan və hisslərdən ibarətdir. Məsələn, sevinci və xoşbəxtliyi belə hamı müxtəlif cür yaşayır. Lakin baxış bucağımızı istənilən yaşda dəyişdirmək və formalaşdırmaq bizim əlimizdədir. Buna rəğmən, nə qədər olursa-olsun, fərqli dəyərlər burada öz rolunu oynayır.
Məsələn, bəziləri üçün yaxşılıq olan bir davranış qarşı tərəfdən adi qəbul edilə və ya yanlış başa düşülə bilər. Çünki hər kəs yəni eyni empatiya və minnətdarlıq səviyyəsinə malik olmur. Biz anlamalıyıq ki, kiminsə üçün yaxşı göründüyü baxış bucağı, başqasına görə o cür düşünülməyə bilər”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, digər faktorlardan biri sərhədlərin düzgün qoyulmamasıdır:
“Yəni həddindən artıq fədakarlıq etmək bəzi insanlarda “bu belə də olmalıdır” düşüncəsi formalaşdırır. Bir növ insanlarda istismar davranışı yarana bilir. Hətta bunu artıq sizin borcunuz kimi qəbul etməyə başlayırlar və gözləntiləri qarşılanmadıqda neqativ reaksiya verirlər. Üstəlik, “hər zaman fədakarlıq edirdin indi niyə etmirsən?” kimi suallar da soruşurlar.
Bəzi insanlar isə özlərini borclu hiss etməmək üçün yaxşılığı dəyərsizləşdirir və ya qarşı tərəfə qarşı soyuq davranırlar. Bu, onların daxili narahatlığını örtmək üsuludur. Yəni bir növ başqasının etdiyi yaxşılığın qarşılığında ötürdükləri dəyərsizliklə daxili dünyalarındakı narahatlığı ört-basdır edirlər”.
Nabat Mirzəyeva vurğulayıb ki, yaxşılıq etmək hər zaman qarşılıq almaq demək deyil:
“Sağlam yanaşma odur ki, insan yaxşılığı dəyər kimi etsin. Bir növ etdiyimiz yaxşılıqlarda emosional sərhədlərimizi qorumalıyıq. Əgər qorumasaq qarşı tərəfdən dəyərsizlik, diqqətsizlik, sevgisizlik və hörmətsizlik gördüyümüz zaman məyus olacağıq. Çünki etdiyimiz yaxşlığın qarşılığını almadığımız zaman emosional olaraq yorulmağa başlayırıq”.
Pərviz



