Bayram tətilində necə qidalanaq? – Dietoloq TÖVSİYƏSİ

SAĞLAMLIQ
17:00 / 19.03.2026
43

Sabahdan Azərbaycanda bayram tətili başlayır. 

Xüsusilə, Novruz süfrəsi hər zaman bolluğu və müxtəlifliyi ilə seçilir. Bayram süfrələrində fərqli yeməklərlə yanaşı, paxlava, şəkərbura, qoğal kimi şirniyyatlar da bol olur. Əlbəttə ki, bu da istər-istəməz normadan artıq qidalanmaya və çəki artımına səbəb ola bilər. Ona görə də bayram günlərində artıq çəki almamaq üçün ilk növbədə qida rasionuna diqqət yetirmək olduqca vacibdir.

Ümumiyyətlə, bayram tətilində artıq çəki almamaq və sağlam qidalanmaq üçün nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı dietoloq Ləman Süleymanova Hit.az-a açıqlama verib.

O bildirib ki, bayram günlərində qurulan süfrələr adətən çoxçeşidli və bol olur:
“İnsanlar da bu fürsətdən istifadə edərək adi günlərdən daha çox qida qəbul edirlər. Bu isə öz növbəsində bir çox hallarda orqanizmin yüklənməsinə və artıq çəki probleminin yaranmasına gətirib çıxarır. Unutmayın ki, daha sağlam yaşamaq üçün qidalanma tarazlığı qorumaq çox vacibdir. Bayram günlərində ağır və yağlı yeməklərlə yanaşı, daha yüngül və faydalı məhsullara üstünlük vermək, porsiyalara nəzarət etmək lazımdır. Bu, həm həzmi asanlaşdırır, həm də ümumi sağlamlığa müsbət təsir göstərir”.

Ekspert qeyd edib ki, qida qəbulundan sonra bədəni aktiv saxlamaq da olduqca önəmlidir: 
“Qısa gəzintilər, hərəkətlilik və açıq havada vaxt keçirmək maddələr mübadiləsini sürətləndirir və qəbul olunan qidaların daha rahat mənimsənilməsinə kömək edir. Gec saatlarda isə həddindən artıq yemək çox zərərlidir. Bu, həzm sistemində narahatlıqlar yarada, xroniki xəstəlikləri olan insanlarda isə vəziyyəti daha da çətinləşdirə bilər. Bu səbəbdən də günün sonuna doğru daha yüngül qidalar seçmək tövsiyə olunur”.

Günel Cəlilova
 

0