Sindrom və xəstəliyin fərqi nədir?

SAĞLAMLIQ
12:00 / 31.03.2026
124

“Cəmiyyətdə ən çox qarışdırılan məsələlərdən biri də sindrom və xəstəlikdir”.

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, insanların əksəriyyəti sindrom və xəstəlik arasındakı fərqi bilmir:


“Yəni sindrom və xəstəlik anlayışları çox vaxt qarışdırılır. Hərçənd ki, psixologiyada onların fərqi aydın şəkildə müəyyənləşdirilir. Əslində, xəstəlik dedikdə səbəbi və mexanizmi məlum olan bir tibbi vəziyyəti nəzərdə tutulur. Onun nə üçün yarandığı, necə inkişaf etdiyi və hansı yollarla idarə oluna biləcəyi məlum olur. Psixoloji xəstəlik də bir növ qrip, diabet və ya başqa fiziki xəstəlik kimi olur”.

Ekspert qeyd edib ki, sindrom isə fərqlidir:
“Sindrom dedikdə, birlikdə müşahidə olunan əlamətlər toplusu nəzərdə tutulur. Lakin bu əlamətlərin tək bir səbəbi olmaya bilər. Əslində, simptomları görürük, amma onların arxasında duran səbəblər hər insanda müxtəlif ola bilər. Xəstəlik çox vaxt sağalır, səbəbini tapıb müalicə edirik. Sindrom isə əlamətlər toplusudur və tamamilə yox olmaya bilər. Buna baxmayaraq, düzgün dəstək və yanaşma ilə psixoloji xəstəliyin təsirini azaltmaq mümkündür”.

Psixoloq diqqətə çatdırıb ki, hər sindrom xəstəlik deyil, amma hər xəstəlik bəzən sindrom kimi görünə bilər:
“Məşhur sindromlara nümunə olaraq Daun, Asperger, Turet, Klinefelter, Turner və Kuşinq sindromunu göstərmək olar. Onların hər biri fərqli səbəblərdən və əlamətlərin birləşməsindən yaranır, insanın həyatına müxtəlif təsir göstərir. Məhz bu hallara sindrom deyilir. 

Çünki müəyyən bir xəstəlik kimi tam sağalmır, burada bir neçə əlamət bir yerdə görünür və bir-birinə bağlı şəkildə insanın həyatına təsir edir. Xəstəlik və sindrom arasındakı fərqi başa düşmək, həm tibbi, həm psixoloji yanaşmada çox vacibdir. Bu, insanların vəziyyətini düzgün qiymətləndirməyə və onlara uyğun dəstək göstərməyə imkan verir”.

Pərviz


 

0