Əksər insanlar üçün dəfnə yarpağı sadəcə mətbəx ədviyyəsidir. Lakin əslində onun müalicəvi xüsusiyyətləri var. Bu bitkidən hazırlanan dəmləmə qaraciyərin fəaliyyətini dəstəkləyir, iltihabı azaldır, həmçinin infeksiya dövründə immuniteti gücləndirir. Üstəlik, onu hazırlamaq olduqca sadədir.
HİT.az xəbər verir ki, bu barədə "TerazGotuje" yazır.
Məqalədə qeyd olunur ki, dəfnə yarpağı əsrlər boyu xalq təbabətində istifadə edilib. Güclü aromata malik olması iştahanı artırır və yeməklərin dadını zənginləşdirir. Bundan əlavə, bu ədviyyənin tərkibində sağlamlığa müsbət təsir göstərən maddələr mövcuddur.
Hansı xəstəliklər zamanı içmək olar?
“Dəfnə yarpağından hazırlanan dəmləmə isidici təsir göstərir, həzm sistemini dəstəkləyir, həmçinin orqanizmi toksinlərdən təmizləməyə kömək edir. Bu, sağlamlığı təbii yolla dəstəkləməyin sadə üsuludur”, deyə materialda bildirilir.
Müəllif qeyd edir ki, dəfnə yarpağında efir yağları, aşı maddələri, flavonoidlər, həmçinin A, C və B qrupu vitaminləri mövcuddur. Məhz bu komponentlər sayəsində bitki iltihabəleyhinə, antibakterial və göbələk əleyhinə xüsusiyyətlərə malikdir. Bundan əlavə, infeksiyalarla mübarizəyə kömək edir və immuniteti gücləndirir.
Nəşrin məlumatına görə, dəfnə yarpağının ən vacib xüsusiyyətlərindən biri onun qaraciyərə təsiridir. Bildirilir ki, dəmləmənin müntəzəm qəbulu orqanizmin detoksifikasiya prosesini dəstəkləyir və yağ mübadiləsini yaxşılaşdırır. Buna görə də yağlı hepatoz və ya yavaş metabolizm kimi problemlər zamanı tövsiyə olunur.
“Dəfnə yarpağı oynaqlara və əzələlərə də təsir göstərir. Onun iltihabəleyhinə təsiri var, buna görə revmatik ağrılar və degenerativ dəyişikliklər zamanı kömək edir. Dəmləmənin müntəzəm istifadəsi ağrını azalda və oynaqların hərəkətliliyini yaxşılaşdıra bilər”, deyə materialda vurğulanır.
Kimlər üçün faydalıdır və kimlərə tövsiyə edilmir?
Nəşr yazır ki, dəfnə yarpağı çayı xüsusilə həzm problemləri olan, o cümlədən köp və şişkinlikdən əziyyət çəkən insanlar üçün faydalıdır. Həmçinin tez-tez xəstələnən və immuniteti zəif olan şəxslərə tövsiyə olunur.
Eyni zamanda, bu dəmləmə hamilə qadınlara, süd verən analara, həmçinin daimi olaraq müəyyən dərmanlar, xüsusilə antibakterial, göbələk əleyhinə və ya iltihabəleyhinə preparatlar qəbul edən şəxslərə tövsiyə edilmir.
Dəfnə yarpağı çayı üçün inqrediyentlər:
* 5 ədəd dəfnə yarpağı;
* 500 ml su;
* 5 ədəd mixək;
* 1 çay qaşığı bal.
Hazırlanma qaydası
Qazana yarım litr su tökün. Dəfnə yarpaqlarını yuyun və daha çox aroma verməsi üçün qayçı ilə xırdalayın. Üzərinə mixəkləri əlavə edin. Qazanın qapağını örtün, qaynadın və təxminən 10 dəqiqə bişirin.
Sonra süzgəcdən keçirərək qabda toplayın və bir qədər soyumasını gözləyin. İçki ilıq olduqda 1 çay qaşığı bal əlavə edib qarışdırın.
Məqalədə qeyd olunur ki, bu dəmləməni, məsələn, həzmi çətin olan yeməklərdən əvvəl və ya səhər saatlarında immuniteti gücləndirmək və maddələr mübadiləsini sürətləndirmək üçün içmək olar.
Samir


