Əhvalınız anidən dəyişir? – BUNU OXUYUN

SAĞLAMLIQ
13:30 / 01.04.2026
123

“Bəzi insanların əhvalı hansısa səbəb olmadan anidən dəyişə bilir”.

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəblərindən danışıb:


“Əhvalın ani dəyişməsi əsasən beyindəki kimyəvi maddələrin, xüsusilə serotonin və dopamin kimi neyrotransmitterlərin balansının pozulması ilə əlaqədardır. Bu maddələr insanın emosiyalarını tənzimləyir və onların səviyyəsindəki dəyişikliklər bir anda sevincdən kədərə, enerjidən yorğunluğa keçid yarada bilər. Əslində, bu cür pozuntuların yaranma səbəbləri isə çoxşaxəlidir. Burada genetik meyllilik mühüm rol oynayır. Yəni ailədə bu tip problemlər varsa, insanda da yaranma ehtimalı artır”.

Ekspertin sözlərinə görə, uşaqlıq dövründə yaşanan travmalar, emosional laqeydlik, valideyn sevgisinin yetərsizliyi, itki və ya zorakılıq kimi hadisələr insanın psixikasında iz qoyaraq gələcəkdə əhval dəyişkənliyinə səbəb ola bilər:
“Uzunmüddətli stress, həyatdakı qeyri-müəyyənlik, maddi və ya ailə problemləri də bu vəziyyəti gücləndirir. Həmçinin, yuxu rejiminin pozulması, düzgün qidalanmamaq və fiziki yorğunluq da beynin işləmə sisteminə təsir edərək emosional sabitliyi poza bilər. Bəzi hallarda bu əlamətlər daha ciddi psixoloji pozuntuların göstəricisi olur. Məsələn, depressiya, bipolyar pozuntu və ya narahatlıq pozuntuları zamanı insanın əhvalı ya uzun müddət aşağı olur, ya da kəskin şəkildə dəyişir. Bu zaman insan özünü idarə etməkdə çətinlik çəkə bilər”.

Zəhra Zahidova vurğulayıb ki, bu vəziyyətdə insanın öz emosiyalarını inkar etməməsi və onları anlamağa çalışması çox vacibdir:
“Duyğuları tanımaq və ifadə etmək artıq sağalma yolunun başlanğıcıdır. Sağlam həyat tərzi, kifayət qədər yuxu, balanslı qidalanma və fiziki aktivlik emosional sabitliyə müsbət təsir edir. Stressin idarə olunması üçün nəfəs məşqləri, meditasiya və ya düşüncələri yazmaq kimi üsullar da faydalıdır. Sosial dəstək, yəni anlayışlı və güvənli münasibətlər insanın psixoloji vəziyyətini gücləndirir”.

Həmsöhbətimiz fikirlərini belə yekunlaşdırıb:
“Bununla yanaşı, belə hallar uzun müddət davam edirsə və gündəlik həyatı çətinləşdirirsə, mütləq bir mütəxəssisə müraciət etmək tövsiyə olunur. Psixoloq və ya psixiatr dəstəyi ilə insan həm bu vəziyyətin səbəblərini daha dərindən anlaya, həm də uyğun müalicə və terapiya yolu ilə emosional balansını bərpa edə bilər”.

Pərviz

0