İlin isti dövrlərinə keçid zamanı uşaqların gündəlik həyatında müəyyən dəyişikliklər baş verir.
Uşaqlar bu ərəfədə daha çox çöldə olmaq və oyunlar oynamaq istəyirlər. Lakin yaz aylarında valideynlərin ehtiyat etdiyi məsələlərdən biri də suçiçəyidir. Çünki bu dövrə sözügedən xəstəlik sürətlə yayılır.
Bəs yaz aylarında suçiçəyi xəstəliyinə yoluxmamaq üçün nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, suçiçəyi yüksək yoluxuculuğa malik virus mənşəli infeksiyalardan biridir:

“Ona daha çox uşaqlıq dövründə rast gəlinir. Xüsusilə immun müdafiəsi zəif olan uşaqlarda xəstəlik özünü daha tez büruzə verir. Lakin sözügedən infeksiyaya qarşı peyvənd mövcuddur. Üstəlik, peyvənd olunan şəxslər yoluxsalar belə, adətən xəstəliyi daha yüngül formada keçirirlər. Xəstəlik əsasən dəri səpgiləri ilə xarakterizə olunur. Həmin səpgilər bədənin müxtəlif nahiyələrində, xüsusən də gövdə hissəsində yaranır və qaşınma, bəzən isə göynəmə hissi ilə müşayiət edilir”.
Professor vurğulayıb ki, suçiçəyi keçirən uşaqlarda sonradan bu virusa qarşı davamlı immunitet formalaşır və onlar adətən yenidən yoluxmurlar:
“Ancaq bu virus böyüklərdə, xüsusilə 18 yaşdan sonra yoluxduqda daha ağır klinik gediş göstərə bilər. Bu zaman immun sisteminə təsir daha güclü olur və orqanizmin tam bərpası uzun müddət çəkə bilər. Onu da nəzərə almaq lazımdır ki, suçiçəyi xəstəliyi çox sürətlə yayılmaq xüsusiyyətinə malikdir”.
Günel Cəlilova

