Xroniki bel ağrısının yeni səbəbi aşkar edildi

SAĞLAMLIQ
10:55 / 03.04.2026
44

Xroniki bel ağrısı onurğanın zədələnmiş sahələrinə sinir liflərinin artması ilə bağlı ola bilər. Bu nəticəyə ABŞ-ın Con Hopkins Universitetinin Tibb Məktəbinin alimləri gəlib. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Bone Research" jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan araşdırma göstərib ki, onurğa degenerasiyası zamanı sinir ucları adətən yerləşmədikləri sahələrə – məsələn, fəqərələrarası disklərlə fəqərələr arasındakı toxumalara daxil ola bilər. Bu “sinir invaziyası” xroniki ağrı ilə əlaqələndirilir.

Alimlər müəyyən ediblər ki, bu prosesə sümük toxumasının formalaşmasında iştirak edən hormon təsir göstərə bilər. Bu hormonun təsiri ilə sümük hüceyrələri – osteoblastlar Slit3 adlı zülalı daha aktiv şəkildə ifraz etməyə başlayır. Bu zülal sinir lifləri üçün siqnal rolunu oynayaraq onların zədələnmiş sahələrə daxil olmasının qarşısını alır.

Nəticədə sinir ucları tədricən geri çəkilir, toxuma strukturu isə bərpa olunur.

Təcrübələrdə müalicə bir neçə həftə ərzində nəzərəçarpacaq dəyişikliklərə səbəb olub. Siçanlarda fəqərələrin son lövhəciklərinin strukturu yaxşılaşıb – bu nazik qatlar daha az məsaməli olub, nəticədə sinir liflərinin və iltihabi proseslərin yayılması azalıb.

Davranış testləri də ağrının azaldığını göstərib: heyvanlar təzyiqə daha yaxşı dözüb, istilik stimuluna daha gec reaksiya verib və daha aktiv hərəkət ediblər.

Tədqiqat müəllifləri vurğulayır ki, nəticələr hələlik yalnız heyvanlar üzərində əldə olunub və eyni mexanizmin insanlarda işləyib-işləmədiyi məlum deyil. Buna baxmayaraq, bu kəşf dünyada əlilliyin əsas səbəblərindən biri hesab edilən xroniki bel ağrısının müalicəsi üçün yeni üsulların hazırlanmasına kömək edə bilər.

Samir

0