“Müasir insanın gündəlik həyatda bir çox psixoloji problemi olur”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hazırda müasir insanın ən böyük psixoloji problemi özünü böyük bir boşluq içərisində hiss etməsidir:
“Çünki həmin boşluq hazırkı dövrün sosial şəbəkə, texnologiya, informasiya və seçim bolluğundan qaynaqlanır. Seçim çoxluğu insan həyatını nə qədər asanlaşdırsa da, bir o qədər də psixoloji cəhətdən çətinliklərin yaranmasına gətirib çıxarır. Müasir nəsillər əvvəlki nəsillərlə müqayisədə daha çox seçim, informasiya və əlaqə imkanlarına sahibdirlər. Lakin nə qədər çox əlaqə, ünsiyyət və yaxud seçim şansları çox olsa da, əvvəlki nəsillərlə müqayisədə özlərini daha tənha hiss edirlər”.
Ekspert qeyd edib ki, sosial şəbəkələrdə sürətli yayılan həyat ritmi və daim müqayisə olunmaq insanlara mənfi təsir edir:
“Bir növ “daima çatdırmalıyam, etməliyəm, bacarmalıyam” düşüncəsi, özlərini başqaları ilə müqayisə etmək istər-istəməz daxili dəyər hissini zəiflədə bilir. Əksər hallarda özlərini özgüvənsiz, dəyərsiz və yetərsiz hiss edirlər. Təəssüf ki, indiki dövrdə bəzən insan öz həyatını deyil, başqalarının həyatını izləyərək çox yaşayır”.
Onun sözlərinə görə, başqa bir problem isə insanların mükəmməlliyə çalışmasıdır:
“Çünki başqaları ilə müqayisə edilmək və mükəmməlliyə çalışılmaq daha çox təzyiq yaradır. Müasir insan sosial şəbəkədə gördüyü ideal həyat görüntülərini öz real həyatı ilə müqayisə edir və özünü istər-istəməz yetərsiz hiss etməyə başlayır. Üstəlik, həmin yetərsizlik hissi artıq böyük bir müqayisəyə gətirib çıxarır. İnsan bu müqayisə nəticəsində də bacarıqsız və dəyərsiz olduğunu düşünür. Sözsüz ki, yaranan daxili təzyiq özgüvən azalması və emosional yorğunluğa səbəb olur”.
Psixoloq əlavə edib ki, müasir dövrdə məlumat deposu da çoxdur:
“Çoxlu informasiya var. Hər yerdən hər bir məlumatı əldə eləmək olur. Düşünürəm ki, müasir dövrdə insanın qarşılaşdığı ən böyük psixoloji çətinliklərdən biri də informasiya yüklənməsidir. Hər gün sosial şəbəkələrdə fasiləsiz şəkildə məlumat qəbul edirik. Həmin o məlumatlar emosional olaraq ağırlaşma və psixoloji gərilmə yaradır. Sanki o adamlara dincəlmək kifayət etmir. Qısacası, müasir insanın ən böyük psixoloji problemi texnologiya ilə başlayır. Bunun qarşısını almaq üçün sevdiklərimizlə ünsiyyətdə olmalı, sosial şəbəkələrdə çox az zaman keçirtməli, özümüzü dinləməli və həyatı sürətli deyil, zamanlı yaşamalıyıq”.
Pərviz



