“Uşaqlıq travmaları həqiqətən insanın həyatında dərin iz buraxa bilir”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, uşaq yaşlarında yaşanan sevgisizlik, laqeydlik, tənqid, aqressiya, müqayisə olunmaq, dəyərsiz hiss etdirilmək kimi təcrübələr uşağın özünü, insanları və dünyanı necə qəbul etdiyini formalaşdırır:
“Uşaq bu dövrdə yaşadıqlarını analiz etmir, sadəcə hiss edir və nəticə çıxarır. “Mən yetərli deyiləm”, “Məni tərk edərlər”, “Sevilmək üçün mükəmməl olmalıyam”, “Heç kimə güvənmək olmaz” kimi daxili inanclar məhz bu dövrdə yaranır. Bu inanclar isə böyüklükdə insanın davranışlarına, münasibətlərinə və emosional reaksiyalarına təsir edir. Bu səbəbdən uşaqlıq travmaları olan insanlar böyüyəndə tez-tez tərk edilmə qorxusu yaşayır, münasibətlərdə həddindən artıq bağlanır və ya əksinə uzaq durur, tənqidə qarşı həssas olur, özünü dəyərsiz hiss edir, “yox” deməkdə çətinlik çəkir, həmişə hamını razı salmağa çalışır və ya müdafiə mexanizmi kimi aqressiv davranır. Bəzən insan eyni tip münasibətləri təkrar-təkrar yaşayır, eyni ağrını fərqli insanlarla yenidən yaşadığını görür”.
Onun sözlərinə görə, bu da təsadüfi deyil:
“Çünki uşaqlıqda formalaşan emosional model böyüyəndə də avtomatik şəkildə aktivləşir. Bəli, uşaqlıq travmaları təsir edir, lakin insanın bütün həyatını idarə etməməlidir. Yetkin yaşa çatdıqdan sonra insan artıq fərqindəlik qazana, öz davranışlarını müşahidə edə və dəyişmək üçün addımlar ata bilər. Yəni travma bizim reaksiyalarımızın haradan gəldiyini izah edir, amma necə davam edəcəyimizi müəyyən etmir. Əgər insan hər davranışını yalnız uşaqlığı ilə izah edib dəyişmək üçün heç bir addım atmırsa, bu artıq travmanın təsirindən daha çox, onu bəhanəyə çevirmək olur”.
Həmsöhbətimiz nümunə də göstərib:
“Məsələn, uşaqlıqda diqqət görməyən biri böyüyəndə həddindən artıq diqqət tələb edə bilər. Bu da başa düşüləndir. Lakin bu davranışı dəyişmək üçün çalışmamaq və hər dəfə “mən belə böyümüşəm” demək inkişafın qarşısını alır. Eyni şəkildə uşaqlıqda tənqid olunan biri böyüyəndə aqressiv və müdafiəçi ola bilər. Bu reaksiyanın səbəbi travmadır, amma onu dəyişmək məsuliyyəti artıq yetkin insana aiddir”.
Psixoloq sözlərini belə yekunlaşdırıb:
“Sağlam psixoloji yanaşma nə travmanı inkar etməkdir, nə də hər şeyin günahını ona yükləməkdir. Ən doğru yanaşma travmanı qəbul etmək, onun təsirini anlamaq və bu təsiri azaltmaq üçün üzərində işləməkdir. İnsan uşaqlığını dəyişə bilməz, amma uşaqlığın onda buraxdığı izlərlə necə davranacağını dəyişə bilər. Bu isə fərqindəlik, özünü tanıma və psixoloji iş prosesi ilə mümkündür”.
Pərviz



